Türkiyə Respublikasında prezident seçkilərinin ikinci turu
28 may 2023
Türkiyə

Azərbaycan və Qazaxıstandan olan parlamentarilər, eləcə də TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası 28 may 2023-cü il tarixində Türkiyə Respublikasında keçirilmiş prezident seçkilərinin ikinci turunun qısamüddətli müşahidəsini həyata keçirmişdir. Missiyaya Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov rəhbərlik etmişdir.

Seçki günü Missiya üzvləri səsvermə prosesini müşahidə etmək üçün Ankara və Konya şəhərlərində səsvermə məntəqələrini ziyarət etmişdir. TÜRKPA müşahidəçiləri yerində səsverməni izləmiş, seçicilər, yerli müşahidəçilər və səsvermə məntəqələri rəsmiləri ilə söhbət aparmışdır.

Ali Seçki Şurası (ASŞ) tərəfindən seçkilər üçün seçici fəallığının təqribən 85,70% təşkil etdiyi bildirilmişdir. ASŞ prezident seçkilərinin ikinci turunun ilkin nəticələrini elan edərək, cənab Rəcəb Tayyib Ərdoğanın səslərin təqribən 52,14%-i ilə seçkilərdə qalib gəldiyini məlumat vermişdir.

29 may tarixində Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir.

Missiya seçkilərin yüksək seçici fəallığı ilə şəffaf və demokratik mühitdə keçirildiyini vurğulamışdır. O, seçki idarəetmə orqanlarının son tarixlərə riayət edərək seçkilərin ikinci turu üçün hazırlıqları səmərəli və peşəkar şəkildə həyata keçirdiyini qeyd etmiş və əlilliyi olan seçicilərin seçki hüquqlarının təmin edilməsi üzrə onların işini yüksək qiymətləndirmişdir.

Müşahidə aparılmış səsvermə məntəqələrində ümumi səsvermə prosesi müsbət qiymətləndirilmişdir. Missiya ziyarət edilmiş məntəqələrdə səsvermə prosedurlarına və səsvermənin gizliliyinə riayət olunduğunu, yerli müşahidəçilərin mövcudluğunun yüksək səviyyəli şəffaflığı təmin etdiyini qeyd etmişdir.

Missiya Türkiyə Respublikasında 28 may 2023-cü il tarixli prezident seçkilərinin ikinci turunun Türkiyə Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi nəticəsinə gəlmişdir.