TÜRKPA Türk Əməkdaşlıq və İpək Yolu üzrə Beynəlxalq Simpoziumda iştirak edib
8 noyabr 2022

8 noyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Özbəkistanın Səmərqənd şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Simpoziumda iştirak etmişdir.

Beynəlxalq Simpozium Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü çərçivəsində “Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq üfüqlərinin genişləndirilməsi: İpək Yolu transmilli silsilə namizədlikləri” mövzusunda təşkil edilmişdir.

Simpozium İpək Yolu transmilli silsilə namizədliklərinə cəlb edilmiş milli əlaqələndiriciləri və beynəlxalq ekspertləri, eləcə də YUNESKO-nun nümayəndələrini bir araya gətirmişdir. Tədbir zamanı İpək Yolu transmilli silsilə namizədliklərinin hazırlanması və təşviqi prosesində Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilmişdir.

Baş katib açılış nitqində İpək Yolunun TÜRKPA üzv dövlətlərinin tarixində mühüm yer tutduğunu və bu istiqamətdə nəhəng layihələrin həyata keçirildiyini bildirmişdir. O qeyd etmişdir ki, üzv dövlətlər tərəfindən regionda böyük layihələrin həyata keçirilməsi və nəqliyyat sahəsində digər dəyişikliklər dövlətlərin İpək Yolu çərçivəsində nəqliyyat və tranzit potensialından tam istifadəsinə nə dərəcədə hazır olduqlarını göstərir.

Simpoziumda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “İpək Yolu üzərindəki Türk Dünyası Ölkələri” layihəsi çərçivəsində nəşr edilmiş “Azərbaycan İpək Yolunda” adlı kitabın təqdimatı keçirilmişdir.