Azərbaycan XİN Qubadlı və Zəngilana səfər təşkil edib
10 dekabr 2022

2022-ci ilin 10 dekabr tarixində Baş katibin müavini Nooruzbek Arstanbekov Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Qubadlı və Zəngilan rayonlarına təşkil edilmiş səfərdə iştirak edib.

Bakıda və Ankarada yerləşən 70-ə yaxın səfirliyin, 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri, səfirlər, hərbi attaşelər, o cümlədən Türkiyənin müvafiq dövlət qurumlarının nümayəndələri də daxil olmaqla, 150-yə yaxın iştirakçı səfərə qatılıb.

Qonaqlar cari ilin 20 oktyabr tarixində Azərbaycan və Türkiyə dövlət başçıları tərəfindən rəsmi açılışı baş tutmuş Zəngilan Beynəlxalq Hava Limanı ilə tanış olublar.

Səfər zamanı “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilmiş fəaliyyətlər və qarşıda duran planlar haqqında brifinq keçirilib.

Brifinqdən sonra iştirakçılara azad edilmiş ərazilərdə ətraf mühitə dəymiş ziyan və dağıntılar haqqında, Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş yeni məscid, o cümlədən ilk yaşayış binası, məktəb və Zəngilanda həyata keçirilən digər layihələr daxil olmaqla, davam edən bərpa və yenidənqurma işləri barədə məlumat verilmişdir.

Həmçinin xarici qonaqlar Zəngilanın Ağalı kəndində "Ağıllı kənd" layihəsi, kənd infrastrukturu, Arximed turbini tipli Su Elektrik Stansiyası haqqında məlumatlandırılmışdır.