Türk əməkdaşlıq təşkilatlarının koordinasiya iclası İstanbulda baş tutub
20 yanvar 2023

2023-cü ilin 20 yanvar tarixində Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti İstanbulda keçirilmiş Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin üçüncü iclasında iştirak edib. Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultanbay Rayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev iclasa qatılıb.

İclas iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib və bütün şəhidlərin ruhuna Fatihə oxuyub.

İclas zamanı iştirakçılar öz təşkilatlarının cari və nəzərdə tutulmuş fəaliyyətləri haqqında məlumat vermiş və təşkilatlar arasında koordinasiyanın artırılmasına dair təkliflərini ifadə etmişdir.

Tərəflər birgə tədbirlərin təşkili, bir-birinin layihələrində fəal iştirakı müzakirə etmiş və 2023-cü ildə birgə fəaliyyətlərə dair fəaliyyət planı haqqında razılığa gəlmişdir.