TÜRKPA Parlamentarilər üçün Yol Təhlükəsizliyi üzrə Birinci Beynəlxalq Konfransda iştirak edib
8 fevral 2023

8-9 fevral 2023-cü il tarixlərində, TÜRKPA-nın Baş katibinin müavini Talqat Aduov Pakistanın İslamabad şəhərində Beynəlxalq Parlamentarilər Konqresi (BPK) və Avropa İttifaqının (Aİ) birgə təşkil etdiyi “Yol Təhlükəsizliyi üzrə effektiv qanunvericilik çərçivəsi üçün potensialın gücləndirilməsi” mövzusunda parlamentarilər üçün yol təhlükəsizliyi üzrə birinci beynəlxalq konfransda iştirak etmişdir.

İki gün davam edən konfransda parlament assambleyaları və BMT, Aİ, Pİ kimi beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri, elmi-tədqiqat institutları və akademik dairələrin nümayəndələri iştirak etmişdir. Tədbirdə həmçinin, Pakistan İslam Respublikasının Prezidenti Zati-aliləri Arif Alvi də iştirak etmişdir.

Parlamentarilər üçün yol təhlükəsizliyi konfransının ilk iclasında çıxış edən Prezident, Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələ nəticəsində faciəvi şəkildə insan itkisi ilə bağlı dərin hüznlə başsağlığı vermişdir. Eyni zamanda o, konfransın çox kritik bir dövrdə, ölkənin son günlər çoxlu sayda insan itkisi və yaralanması ilə nəticələnən ardıcıl yol qəzaları ilə üzləşdiyi bir vaxtda təşkil edildiyini vurğulamışdır.

Konfrans çərçivəsində Talqat Aduov PAİ-nin prezidenti və Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani, Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko və BPK-nin baş katibi Sitara Ayaz ilə görüşmüşdür. Tərəflər əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır.

Mövzu ilə bağlı beş sessiyadan ibarət konfransın yekununda yol təhlükəsizliyinə dair İslamabad Bəyannaməsi qəbul edilmişdir.