Daşkənddə Şuşa günləri keçirilib
12 aprel 2023

11-12 aprel 2023-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er Şuşa şəhərinin “2023-cü il Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə təşkil etdiyi “Şuşa günləri” tədbirində iştirak etmiş və çıxış etmişdir. Tədbirdə parlamentarilər, türk əməkdaşlıq qurumlarının rəhbərləri, türk dövlətlərinin səfirləri, Azərbaycan və Özbəkistanın dövlət orqanlarının, mədəniyyət və elm dairələrinin nümayəndələri iştirak etmişdir.

Tədbir ümummilli lider Heydər Əliyevin büstü önünə, o cümlədən “Şəhidlər və Qələbə” abidələri kompleksinə əklil və gül dəstələrinin qoyulması ilə başlamışdır. Daha sonra qonaqlara “Azad və firavan Şuşa” adlı fotoşəkil və nəşrlərdən ibarət sərgi təqdim olunmuşdur.

Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Mədəni İrs Agentliyinin rəhbəri Bahodir Abdukarimov, eləcə də digər rəsmi şəxslər tədbirdə çıxış etmişdir.

Növbəti gün tədbir iştirakçıları “Turon” Daşkənd Regional İnformasiya-Kitabxana Mərkəzində olmuş, Şuşaya həsr olunmuş guşə ilə tanış olmuş, burada Fondun hədiyyə etdiyi nəşrlər də təqdim olunmuşdur. Eyni zamanda qonaqlar kitabxananın repressiya qurbanlarına həsr olunmuş muzeyi ilə də tanış olmuşdur.

Tədbirin təşkilini yüksək qiymətləndirən iştirakçılar bundan sonra da belə layihələrə maksimum səy göstərməyə hazır olduqlarını bildirimişdir. Tədbirdə Şuşanın bütün türk dünyasının mədəni və ədəbi mühitində oynadığı əsas roldan da söz açılmışdır. Türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edən qonaqlar Azərbaycan ilə Özbəkistan, ümumilikdə türk dövlətləri arasında dostluq və əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxunmuşdur.

Günay xanım Əfəndiyeva qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim etmişdir. “Şuşa günləri” tədbiri Gülnarə Xəlilovanın hazırladığı “Qarabağ” Azərbaycan milli geyim kolleksiyasının təqdimatı ilə davam etmişdir.

Tədbir çərçivəsində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixindən bəhs edən sənədli filmin nümayişi və Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərinin təqdimatı da olmuşdur. Tədbirin təntənəli hissəsi hər iki ölkənin xalq artistlərinin ifasında möhtəşəm Azərbaycan və özbək mahnı və rəqslərinin ifasında bayram konserti ilə başa çatmışdır.