Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası keçirilib
7 aprel 2023

7 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası keçirilmişdir. Tədbirdə Baş katibin müavini Talqat Aduov və Sosial, mədəni və humanitar komissiyanın katibi Kunduz Rustembekova iştirak etmişdir.

Türk dövlətlərinin maddi və qeyri-maddi mədəni irsinin qorunması məsələlərinin müzakirəsinə həsr olunmuş tədbirdə nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak etmişdir.

Açılış mərasimində xarici işlər naziri, Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının sədri Ceyhun Bayramovun videomüraciəti, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov, Azərbaycan Respublikasının Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli, keçmiş baş nazir, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının birinci sədri Həsən Həsənov, TÜRKSOY baş katibinin müavini Bilal Çakıcı və Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuzun çıxışları dinlənilmişdir.

İclasda Baş katibin müavini Talqat Aduov da çıxış etmişdir. Cənab Aduov çıxışında mədəni irsin qorunması, türk mədəniyyətinin qlobal səviyyədə təbliği sahəsində əməkdaşlığın və koordinasiyanın vacibliyini vurğulamışdır. O, iştirakçılara TÜRKPA-nın cari fəaliyyəti, o cümlədən üzv dövlətlər tərəfindən mədəni və tarixi dəyərlərin qorunması üzrə tədbirlərin təşviqi üçün istifadə oluna biləcək model qanunların hazırlanması barədə məlumat vermişdir. Baş katibin müavini cənab Aduov 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşada yenidənqurma prosesləri istiqamətində yerli hakimiyyət orqanlarının və beynəlxalq tərəfdaşların həyata keçirdiyi önəmli fəaliyyətləri vurğulamışdır. Görüş iştirakçıları Şuşa şəhərinin yenidən qurulmasının və sakinlərinin geri qayıtması üçün təhlükəsiz vəziyyətə gətirilməsini regionda sülhə nail olmaq üçün irəliyə doğru atılmış addım olacağı vurğulamışdır.

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana təhvil verilmişdir.

İclasın bağlanış mərasimi 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada keçirilmiş və yekun bəyannamə qəbul edilmişdir.