TÜRKPA Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 2-ci konfransında iştirak edib
13 mart 2023

13 mart 2023-cü il tarixində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreynin paytaxtı Manamada keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 2-ci konfransında iştirak etmişdir. Tədbir Parlamentlərarası İttifaqın (Pİ) 146-cı Assambleyası çərçivəsində "Pandemiyadan sonrakı bərpa üzrə milli və qlobal səviyyədə göstərilən səylərə parlament dəstəyi" və “Qoşulmama Hərəkatının gələcək institusionallaşdırılmasına dair fikir mübadiləsi” mövzularında keçirilmişdir.

Konfransa Azərbaycan Respublikası Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik etmişdir. Tədbir iştirakçıları Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində həyatını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

Sədr öz açılış nitqində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 2021-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təsis edildiyini qeyd etmişdir.

Parlamentin sədri Parlament Şəbəkəsinin məqsədlərini xatırlatmış və Şəbəkənin 1-ci konfransından sonra həyata keçirilən fəaliyyətlərə dair məlumat vermişdir. Xanım Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının ideya və prinsiplərinin, eləcə də çoxtərəfliliyin, dialoqun və parlamentlərarası əməkdaşlığın təşviqində mühüm platformaya çevriləcəyinə inamını ifadə etmişdir.

Konfransda Bəhreyn Krallığının Şura Məclisinin sədri Əli bin Saleh Əl Saleh, Pİ-nin prezidenti Duarte Paçeko və Pİ-nin Baş katibi Martin Çunqonq çıxış etmişdir. Tədbir Parlament Şəbəkəsinin üzv parlamentlərinin rəhbərləri və tərəfdaş beynəlxalq təşkilatların nümayəndələrinin bəyanatları və fikir mübadiləsi ilə davam etmişdir.

Konfransda həmçinin, Baş katib Mehmet Süreyya Er çıxış etmişdir. Dünyada sülhün, təhlükəsizliyin və dayanıqlı inkişafın təmin edilməsində parlament diplomatiyasının mühüm rolunu qeyd edən Baş katib, Parlament Şəbəkəsinin qlobal parlament diplomatiyasında fəal iştirakı ilə gələcəkdə beynəlxalq nüfuzunun və tanınmasının artacağına əminliyini ifadə etmişdir.

Bu kontekstdə Baş katib 2023-cü ilin fevral ayında Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi və TÜRKPA arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulamışdır.

Konfransın yekun sənədi olaraq Manama Bəyannaməsi qəbul edilmişdir.