TÜRKPA-nın Beynəlxalq əlaqələr komissiyasının birinci iclası
3 noyabr 2011 – 4 noyabr 2011
Bakı

3 noyabr 2011-ci il tarixində TÜRKPA Beynəlxalq əlaqələr komissiyasının birinci iclası keçirildi. Tədbirdə quruma üzv ölkələrin deputatları, TÜRKPA katibliyinin rəhbərliyi və əməkdaşları iştirak edirdilər. İclasda qardaş Türkiyədə baş vermiş terror aktları və Van vilayətindəki zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbiri Milli Məclisin deputatı, qurumun Beynəlxalq əlaqələr komissiyasının sədri cənab Əhliman Əmiraslanov açaraq TÜRKPA-nın beynəxalq fəaliyyətindən, parlament diplomatiyasının inkişafındakı rolundan danışdı. Bildirdi ki, cəmi iki il əvvəl yaradılmış bu qurum fəaliyyətinin ilk günündən etibarən türkdilli ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atıb. Hələlik dörd ölkənin – Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyə Cümhuriyyətinin üzv olduğu TÜRKPA-nın gələcəkdə daha da genişlənməsi, digər türkdilli ölkələrin də bu assambleyaya daxil olması üçün məqsədyönlü işlər görülür.

Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov iclas iştirakçılarını Azərbaycan parlamentinin rəhbərliyi adından salamladı. Müasir dünyada parlament diplomatiyasının mühüm rol oynadığını qeyd etdi. TÜRKPA-ya üzv ölkələrin siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığının dünya üçün səmərəsini və perspektivlərini xüsusi vurğuladı. Birinci vitse-spiker komissiyanın sədrinə və üzvlərinə xoş arzularını çatdırdı, toplantının işinə uğurlar dilədi. Tədbirin iştirakçılarına qurumun nüfuzlu təşkilatlardakı təmsilçiliyi barədə məlumat verən TÜRKPA-nın Baş katibi Ramil Həsənov bu istiqamətdə görülən işlərdən söz açdı. Qeyd etdi ki, indiyədək TÜRKPA bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi və qonaq statusu alıb. Qurumun BMT Baş Assambleyasında da müşahidəçi statusu alması üçün müraciət olunub və hazırda bu məsələ təşkilatın gündəliyindədir, BMT Baş Assambleyasının qarşıdakı iclasında səsverməyə qoyulacaq.

Beynəlxalq əlaqələr komissiyasının birinci iclasının gündəliyi qəbul olunduqdan sonra komissiya üzvlərinin xatirə şəkli çəkdirildi.

Fasilədən sonra komissiyanın sədri Əhliman Əmiraslanov “TÜRKPA-nın beynəlxalq əməkdaşlığının əsas aspektləri və perspektivləri” mövzusunda hesabat məruzəsini müzakirəyə təqdim etdi. Hesabatda bu sahədə görülən işlər, beynəlxalq təşkilatlarla qurulan münasibətlər, perspektivlər və əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün nəzərdə tutulan tədbirlər öz əksini tapmışdı.

Müzakirələrdə Qazaxıstan parlamentinin deputatı Vəlihan Konurbayev, ,Türkiyə Böyük Millət Məclisinin üzü Ülkər Gözəl, Milli Məclisin deputatları İlham Əliyev, Sədaqət Vəliyeva və başqaları beynəlxalq miqyasda əməkdaşlığın genişləndirilməsinin müxtəlif istiqamətlərindən, dünyadakı aktual problemlərdən və onların həlli yollarından danışdılar. Qeyd olundu ki, TÜRKPA-ya üzv ölkələr bu gün Qərb dövlətlərinin çox arzuladığı üstünlüklərə – zəngin ortaq dilə, mədəniyyətə, tarixə, mənəvi dəyərlərə sahibdirlər. Bu sərvətin qorunması üçün konkret addımlar atılmalıdır. Çıxışlarda bütün türkdilli xalqlar üçün ortaq dilin və əlifbanın yaradılması istiqamətində ciddi işlərin görülməsi vacibliyi də önə çəkildi.

Ətraflı fikir mübadiləsindən sonra hesabat məruzəsinin layihəsi yekdilliklə təsdiqləndi. Türkiyənin millət vəkili Ülkər Gözəl TÜRKPA-nın gələn il Qırğızıstanda keçiriləcək 3-cü plenar sessiyasında məruzəçi təyin olundu.

Komissiyanın birinci iclasında “TÜRKPA-nın beynəlxalq əməkdaşlığının əsas aspektlərinə və perspektivlərinə dair təkliflər” də nəzərdən keçirildi. Müzakirələrdə Milli Məclisin deputatları Sevinc Hüseynova, Çingiz Qənizadə, Türkiyə BMM-in üzvü Mühərrəm İncə, Qırğız parlamentinin deputatı Urmat Amanbayeva fikirlərini açıqladılar. Rəy və təkliflər bildirildi. TÜRKPA-nın təbliğatının gücləndirilməsi vacibliyi önə çəkildi, qurumun tərkibinin yaxın gələcəkdə genişlənəcəyinə inam ifadə olundu. Təkliflər layihəsi təsdiqləndikdən sonar komissiyanın sədri Əhliman Əmiraslanov bu məsələ ilə bağlı 3-cü plenar sessiyada məruzəçi təyin edildi.

Toplantıda bir sıra təşkilati məsələlərə də baxıldı. Prosedur qaydalarına əsasən, Beynəlxalq əlaqələr komissiyasının ikinci iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alındı və həmin iclasın gündəliyi təsdiqləndi.

Bununla da komissiya öz işini başa çatdırdı.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi