TÜRKPA-nın 8-ci Plenar İclası
20 noyabr 2018 – 21 noyabr 2018
İzmir

20-21 noyabr, 2018-ci il tarixində Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində İzmir şəhərində TÜRKPA-nın Səkkizinci Plenar İclası baş tutmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin Sədri, TÜRKPA-nın Fəaliyyətdə olan Sədri cənab Binali Yıdırım, eləcə də TÜRKPA-da müşahidəçi qismində Macarıstan Milli Assambleyasının Spikeri cənab Lazslo Köver və Özbəkistan Respublikasının Oliy Məclisinin Qanunvericilik Palatasının Sədr müavini cənab Hatamjon Ketmonov qonaq qismində iştirak etmişdir.

Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), İslam Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı (İƏT Pİ), eləcə də Türk Dünyası Mühəndislər və Memarlar Birliyi, Ahmet Yəsəvi Universiteti və Türk Gəncləri Dünya Birliyinin nümayəndələri Plenar İclasda iştirak etmişdir.

Açılış nitqində cənab Binali Yıldırım Qırğız həmkarına Qırğızıstanın TÜRKPA Sədrliyi dövründə fəaliyyətinə olan dəyərli töhfələrinə görə öz təşəkkürünü bildirmiş və Plenar İclasda Macarıstan və Özbəkistan parlamentlərinin nümayəndə heyətlərinin iştirakına görə məmnuniyyət duyduğunu ifadə etmişdir, eləcə də TÜRKPA-nın ötən on il ərzində böyük müvəffəqiyyətlər əldə etdiyini qeyd etmişdir. Binali Yıldırım TÜRKPA çərçivəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə olan əminliyini də ifadə etmişdir.

Assambleyanın keçən on ilini müsbət qiymətləndirən cənab Oqtay Əsədov hər bir ölkənin özünəməxsus tarixə malik parlament diplomatiyasının mövcud olduğunu və TÜRKPA-nın parlament diplomatiyası vasitəsilə parlamentlərarası əlaqələrin gücləndirilməsinə töhfə verdiyini bildirmişdir.

Ötən on ildə TÜRKPA-nın inkişaf yolunu təqib etdiyini vurğulayan cənab Nurlan Niqmatulin Assambleyanın fəaliyyətinin Türkdilli ölkələr arasında əməkdaşlığın genişləndirilməsinə və böyük faydaların əldə edilməsinə müsbət təsir göstərdiyini bildirmişdir.

Türkdilli ölkələr arasında əməkdaşlığın bütün üzv ölkələrin maraq dairəsində olduğunu qeyd edən cənab Dastanbek Jumabekov bu əməkdaşlığın inkişaf etdirilməsində parlament diplomatiyasının mühüm rol oynadığını vurğulamışdır.

Türkdilli ölkələrlə əməkdaşlığın əhəmiyyətindən danışan cənab Lazslo Köver qeyd etmişdir ki, Macarıstan Türkdilli ölkələrlə yaxın əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi diqqət yetirir.

Səkkizinci Plenar Sessiyada iştirakından məmnunluq duyduğunu ifadə edən, iclasda qonaq qismində iştirak edən Hatamjon Ketmonov dəvətə görə təşəkkürünü bildirmiş və təşkilatın gələcək fəaliyyətinə uğurlar arzulamışdır.

Səkkizinci Plenar İclasın gündəliyinə TÜRKPA-nın son Komissiya iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, TÜRKPA Beynəlxalq müşahidəçi missiyalarının Türkiyədə keçirilən prezident və parlament seçkiləri və Azərbaycanda keçirilən prezident seçkilərinə dair hesabatlarının qəbulu daxil olmuşdur.

Cənab Sadık Şer-Niyaz TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının Sədri vəzifəsinə yenidən seçilmiş, eyni zamanda cənab İsmet Uçma və cənab Recep Şeker müvafiq olaraq TÜRKPA-nın Hüquqi məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının Sədri və Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının Sədr müavini vəzifələrində təsdiq olunmuşdur.

TÜRKPA-nın növbəti 9-cu Plenar İclasının 2019-cu ildə Azərbaycanda keçirilməsi qərara alınmışdır.

İclasın sonunda 8-ci Plenar İclasın yekun sənədi – İzmir Bəyannaməsi qəbul edilmişdir.

Plenar İclasdan sonra keçirilən mətbuat konfransında üzv ölkələrin parlament sədrləri 8-ci Plenar İclasın nəticələrini müsbət qiymətləndirmişdir.

Bəyanat