TÜRKPA-nın 10-cu Plenar İclası
28 sentyabr 2021
Türkistan

28 sentyabr 2021-ci il tarixində Qazaxıstan Respublikası Parlamenti Məclisinin evsahibliyində TÜRKPA-nın 10-cu Plenar İclası Türk Dünyasının mənəvi paytaxtı-Türkistanda keçirilmişdir. İclasın mövzusu “Türk parlamentlərarası əməkdaşlığının perspektivləri” olmuşdur.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin və TÜRKPA-nın Fəaliyyətdə olan Sədri N. Niqmatulin açılış nitqi ilə çıxış etmişdir. Plenar İclasda TÜRKPA üzv parlamentlərinin başçıları Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Talant Mamıtov, Türkiyə Böyük Millət Məclinin Sədri Mustafa Şentop, eləcə də Macarıstan Milli Assambleyasının Sədrinin Birinci müavini Marta Matray müşahidəçi qismində və Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının Sədr müavini Uluqbek İnoyatov qonaq qismində çıxış etmişdir.

Tədbir parlamentlərin nümayəndə heyətləri, Türk Şurası, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, MDB Parlamentlərarası Assambleyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Ahmet Yesevi Qazax-Türk Universiteti və Manas Qırğız-Türk Universiteti kimi Türk əməkdaşlıq təşkilatlarının, müşahidəçi təşkilatların və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirmişdir.

İclasın gündəliyinə hüquqi sənədlərin layihələri, daimi komissiyaların hesabat məruzəsi və tövsiyə qərarlarının müzakirəsi və qəbul edilməsi, “Kinematoqrafiya və audiovizual əsərlərin istehsalına xarici investisiyaların cəlb edilməsi”, “Kinematoqrafiya", "Elektron ticarət", "Enerji resurslarından səmərəli istifadə və enerji səmərəliliyi" üzrə model qanun layihələrinin qəbul edilməsi daxil olmuşdur.

Parlament üzvləri – İsmet Uçma (Türkiyə), Rıskeldi Mombekov (Qırğızıstan), Amerxan Raximjanov (Qazaxıstan) və Əhliman Əmiraslanov (Azərbaycan) TÜRKPA-nın daimi komissiyalarının sədrləri, Sauıtbek Abdraxmanov (Qazaxıstan), Nizami Cəfərov (Azərbaycan), Salaidin Aydarov (Qırğızıstan) və Recep Şeker (Türkiyə) sədr müavinləri olaraq seçilmişdir.

Plenar İclasda Mehmet Süreyya Er TÜRKPA-nın baş katibi seçilmişdir. Həmçinin iclas zamanı Fuad Ələkbərov və Talqat Aduov baş katibin müavinləri seçilmişdir.

TÜRKPA-nın növbəti 11-ci Plenar İclasının 2022-ci ildə Qırğız Respublikasında keçirilməsi qərara alınmışdır. Sessiya Türkistan Bəyannaməsinin qəbulu ilə başa çatmışdır.

Plenar İclasdan sonra parlament nümayəndə heyətləri başçılarının iclasın nəticələrinə dair mətbuat brifinqi keçirilmişdir.

Bəyanat