Numan Kurtulmuş
TR
Türkiyə Böyük Millət Məclisinin sədri
Türkiyənin TÜRKPA-dakı nümayəndə heyətinin rəhbəri

Qurtuluş Savaşı veteranı, Türkiyənin tanınmış alimlərindən biri, Cümhuriyyət dövründə latın hərfləri ilə yazılmış ilk ilmihal kitablarından biri olan “Âmentü Şerhi” nin müəllifi, mərhum Mayor Numan Kurtulmuşun nəvəsidir. Bir çox vəqf və xeyriyyə təşkilatının qabaqcıllarından olan mərhum Dr. İsmail Niyazi Kurtulmuşun oğludur.

İstanbul İmam Hatip Liseyini bitirmiş, bakalavr və magistr təhsilini İstanbul Universitetinin Biznesin idarə edilməsi fakültəsində başa vurmuşdur.

1992-ci ildə iqtisad elmləri namizədi, 1994-cü ildə İstanbul Universitetinin İqtisadiyyat fakültəsində dosent elmi adını almışdır. ABŞ-ın Kornell Universitetində akademik tədqiqatlar aparmışdır. 2004-cü ildə professor elmi dərəcəsini almışdır. Uzun illər İstanbul Universitetinin İqtisadiyyat fakültəsində sosial siyasət və insan resurslarının idarə edilməsi mövzusunda mühazirələr oxumuşdur.

1998-ci ildə aktiv siyasətlə məşğul olmuş, Fəzilət Partiyasının İstanbul İl Başçısı və Ümumi İdarə Heyətinin üzvü vəzifələrində çalışmışdır. 2008-ci ildə Səadət Partiyasının sədri seçilmişdir. 2010-cu il noyabrın 1-də Xalqın Səsi Partiyasını (HAS Parti) yaratmışdır. 2012-ci ildə HAS Parti AK Parti (Ədalət və İnkişaf Partiyası) ilə birləşmək qərarına gəlmişdir. Cənab Kurtulmuş AK Parti sədrinin İqtisadiyyatdan məsul müavini vəzifəsində çalışmışdır.

29 avqust 2014-cü ildə altmış ikinci hökumətdə Baş nazirin müavini vəzifəsinə başlamışdır. Altmış üçüncü, altmış dördüncü və altmış beşinci hökumətlərdə baş nazirin müavini və hökumət sözçüsü vəzifələrində çalışmış, altmış beşinci hökumətdə isə baş vermis dəyişikliklə Mədəniyyət və Turizm Naziri təyin edilmişdir.

18 iyun 2018-ci ildə Mərkəzi Qərar və İdarə Heyətinin üzvü seçilən cənab Kurtulmuş, AK Parti sədrinin müavini vəzifəsində çalışmışdır.

İyirmi səkkizinci çağırış Türkiyə Böyük Millət Məclisinin İstanbul millət vəkili seçilmişdir. Eyni dövrdə iyirmi səkkizinci çağırış 7 iyun 2023-cü ildə Türkiyə Böyük Millət Məclisinin sədri vəzifəsinə seçilərək Türkiyə Böyük Millət Məclisinin 30-cu sədri olmuşdur.