Qazaxıstan Respublikası Parlamenti Məclisinə seçkilər
10 yanvar 2021
Qazaxıstan

8-10 yanvar 2021-ci il tarixində TÜRKPA müşahidə missiyası Nur-Sultanda Qazaxıstan Respublikası Parlamenti Məclisinə (Aşağı Palata) keçirilən seçkilərin qısamüddətli monitorinqini həyata keçirmişdir. Türkiyə Böyük Millət Məclisinin üzvü, TÜRKPA-nın Hüquqi məsələlər və Beynəlxalq əlaqələr komissiyasının sədri cənab İsmet Uçmanın başçılıq etdiyi Missiya Azərbaycan və Türkiyə Parlamentlərinin üzvləri, eləcə də TÜRKPA katibliyinin diplomatik heyətindən ibarət olmuşdur.

Missiya üzvləri müşahidə proqramı çərçivəsində Qazaxıstan Parlamenti Senatının (Yuxarı Palata) Sədri cənab Maulen Aşımbayev ilə görüşmüşdür. Türk əməkdaşlığının əhəmiyyətli rolunu ifadə edən cənab Aşımbayev TÜRKPA nümayəndələrinin seçkilərin müşahidəsində iştirakının Qazaxıstan üçün böyük əhəmiyyət daşıdığını vurğulamışdır. Həmçinin ölkədə nüfuzlu beynəlxalq təşkilatların müvafiq tövsiyələrini nəzərə alaraq səsvermənin lazımi səviyyədə aparılmasında bütün zəruri tədbirlərin görüldüyü də qeyd edilmişdir.

Eyni zamanda Senat Sədri qeyd etmişdir ki, keçən il ərzində Qazaxıstan ölkənin siyasi sisteminin yaxşılaşdırılması sahəsində konkret tədbirlər görmüşdür. 2020-ci ildə prezidentin siyasi islahatlar paketinin icrası, partiya siyahılarında qadınlar və gənclər üçün 30%-lik kvota, siyasi partiyaların qeydiyyatı üçün sadələşdirilmiş prosedur və parlament müxalifəti qurumu da daxil olmaqla qanunvericiliklə təmin edilmişdir.

Missiya, həmçinin Qazaxıstan Respublikasının Xarici İşlər Nazirinin birinci müavini cənab Şaxrat Nurışev, Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının Sədri cənab Berik İmaşev və siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirmişdir.

Görüşlər zamanı seçkilərin Türk əməkdaşlığının parlament ölçüsü tərəfindən müşahidəsinin önəmi vurğulanmışdır. Müşahidəçilərə Qazaxıstan Məclisinə və maslixatlara keçirilən müntəzəm seçkilər üçün təşkilati və texniki hazırlıqlar, eləcə də seçki platformaları və partiyaların siyasətinin əsas aspektləri barədə rəsmilər tərəfindən məlumat verilmişdir.

Öz növbəsində missiya üzvləri seçkilərin Qazaxıstan xalqının xeyrinə ədalətli, sərbəst və şəffaf şəkildə keçəcəyindən əminliyini ifadə etmişdir.

Səsvermə günü müşahidəçilər səsvermə prosesini yerində müşahidə etmək üçün Nur-Sultanda bir sıra məntəqələri ziyarət etmişdir.

11 yanvar tarixində Missiya müşahidənin nəticələrinə dair mətbuat konfransı keçirmiş və Qazaxıstan Respublikası Parlamenti Məclisinə seçkilərin Qazaxıstan Respublikasının milli qanunvericiliyinə və beynəlxalq seçki standartlarına uyğun olaraq keçirildiyini qeyd etmişdir.

Seçki/referendum üzrə bəyanat