TÜRKPA qanunvericilik orqanı ilə bağlı dəyirmi masada iştirak edib
19 mart 2024

19 mart 2024-cü il tarixində Baş katibin müavini Talqat Aduov Qazaxıstan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Mərkəzinin “Qanunvericilik orqanı: transformasiya və yeni istiqamətlər” mövzusunda Astana şəhərində təşkil etdiyi dəyirmi masada iştirak edib.

Tədbirdə millət vəkilləri, ekspertlər, elmi ictimaiyyətin, inkişaf institutlarının və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, universitetlərin professor və müəllim heyəti, eləcə də tələbələr iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Qazaxıstan Respublikası Prezident Mərkəzinin direktoru Bakıtjan Temirbolat Qazaxıstan cəmiyyətində qanuna və asayişə riayət olunması üçün zəruri hüquqi infrastrukturun formalaşdırılmasında qanunvericilik orqanının əhəmiyyətini qeyd edib.

Dəyirmi masada iştirakçılar müxtəlif tarixi mərhələlərdə ali qanunvericilik orqanının institusionallaşdırılmasının əsas problemlərini, bütün ictimai-siyasi sistemin modernləşdirilməsi prosesində Qazaxıstanda parlamentarizmin inkişaf perspektivlərini, habelə “Qanun və asayiş” prinsipinin hüquqi çərçivədə təmin edilməsində aidiyyatı orqanların rolunu müzakirə ediblər. Dəyirmi masada Baş katibin müavini Talqat Aduov da çıxış edib. Cənab Aduov TÜRKPA-nın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. O, türk dövlətlərinin davamlı ictimai-siyasi inkişafı kontekstində qanunvericilik hakimiyyətinin transformasiyası məsələsinin əhəmiyyətinə toxunub. O, türk əməkdaşlığının parlament ölçüsü kimi TÜRKPA-nın türk dünyasında parlamentarizmin keyfiyyətcə gücləndirilməsi və siyasi dialoqun inkişafı istiqamətində mühüm missiya həyata keçirdiyini qeyd edib.