TÜRKPA Nuri Paşaya həsr olunmuş anım tədbiri təşkil edib
3 mart 2024

3 mart 2024-cü il tarixində TÜRKPA Bakıda “Qafqaz İslam Ordusunun komandanı, “Bakının xilaskarı” Nuri Paşanın əbədiyyətə qovuşmasının 75-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edib.

Tədbirdə millət vəkilləri, türk dövlətlərinin səfirləri və diplomatik missiyalarının nümayəndələri, türk dünyasının böyük şəxsiyyəti Nuri Paşanın həyat və fəaliyyətini tədqiq edən görkəmli alim tədqiqatçılar, digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş katib Mehmet Süreyya Er iştirakçıları salamlayıb. O, tədbirin Nuri Paşanın şəxsiyyəti və irsi, onun dövrünün tarixi prosesləri haqqında daha çox məlumat əldə etməyə imkan yaradacağını qeyd edib. Nuri Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanda göstərmiş olduğu şücaətindən danışan Baş katib, Bakının xilas edilməsinin çətin tarixi və siyasi dövrə təsadüf etdiyini və şübhəsiz ki, Azərbaycan dövlətçilik tarixində mühüm rol oynayan böyük dəyərə malik bir hadisə olduğunu vurğulayıb. Nuri Paşa və Qafqaz İslam Ordusu öz iradəsi və şücaəti ilə könülləri fəth edib və Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsini tarixin yaddaşına qızıl hərflərlə həkk edib. O, Nuri Paşa kimi dəyərlərin yaşadılmasının və gələcək nəsillərə ötürülməsinin gənclərin vətənpərvərlik ruhunda və ortaq köklərə sadiq qalaraq yetişdirilməsi ilə yanaşı, türk dünyasının gələcəyi üçün göstərilən fədakarlıq və qəhrəmanlığın əbədi xatırlanması baxımından mühüm rol oynadığını qeyd edib.

Baş katib 44 günlük Vətən müharibəsinin iki xalq arasında möhkəm qardaşlıq bağlarını bir daha dünyaya nümayiş etdirdiyini və Azərbaycanın zəfərinin bütün türk dünyasının zəfəri olduğunu qeyd edib. O, Nuri Paşanın, Qafqaz İslam Ordusunun şəhidlərinin, vətən uğrunda canlarını fəda edən bütün oğul və qızların ruhunun şad olduğuna inamını ifadə edib.

Tədbirin proqramına Nuri Paşanın həyatını əks etdirən tarixi faktlardan və Qafqaz İslam Ordusunun fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi daxil edilib.

Baş katib Mehmet Süreyya Er Türkiyə Respublikasının Prezidentinin baş müşaviri Yalçın Topçunun tədbir iştirakçılarına ünvanladığı mesajı oxuyub. Milli ideala [millî mefkûre] sadiqliyi ilə tanınan mədəniyyət və siyasət xadimi cənab Topçu Prezidentin baş müşaviri vəzifəsinə təyin olunmazdan əvvəl Türkiyə Respublikasının 63-cü Hökumətində müstəqil Mədəniyyət və Turizm Naziri vəzifəsində çalışıb.

Tədbirə “Şərq” qəzetinin baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı moderatorluq edib. Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, dövlət xadimi Həsən Həsənov, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin deputatı Osman Mesten, TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Məmmədov, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Filiz Kılıç, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, akademik Nejdet Karaköse, Milli Müdafiə Universitetinin professoru Mehman Süleymanov, Bakı Dövlət Universitetinin professoru Nəsiman Yaqublu, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri Firdovsiyyə Əhmədova, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Kamran İsmayılov, İstanbul Ticarət Universitetinin rektoru Abdülhamit Avşar, akademik Minaxanım Əsədova, akademik Telman Nüsrətoğlu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi Faiq Ələkbərli və “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının şöbə müdiri Mübariz Göyüşlü tədbirdə çıxış ediblər.

İştirakçılar Nuri Paşanın həyat və fəaliyyəti ilə bağlı önəmli məlumatları və tarixi faktları paylaşıb, böyük sərkərdə dövründə Qafqaz İslam Ordusunun göstərdiyi igidlik və qəhrəmanlığın tarixi əhəmiyyətindən danışıblar.

Tədbir çərçivəsində Akif Aşırlının tərtib etdiyi kolleksiyadan ibarət fotosərgi təşkil olunub və orada iştirakçılar Nuri Paşanın həyat və fəaliyyəti ilə bağlı fotoşəkillər və sənədlərlə tanış olublar.