Ankarada Gənc Parlamentarilər Qrupunun 2-ci iclası keçirilib
27 aprel 2023

27 aprel 2023-cü il tarixində Türkiyənin Ankara şəhərində TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun “Xüsusi bilik və bacarıqlar: TÜRKPA üzv dövlətlərinin gənclərinin məşğulluğunun təminatı” mövzusunda 2-ci toplantısı keçirilmişdir. Tədbir TÜRKPA-nın 12-ci plenar iclası çərçivəsində baş tutmuşdur.

İclasa Qrupun rəhbəri, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Ulan Bakasov sədrlik etmişdir. Çıxışında Bakasov TÜRKPA-nın üzv dövlətlərinin təhsil sisteminin yenidən nəzərdən keçirilməsi və müasir tələblərə uyğun qurulması, dövlət səviyyəsində texniki təhsilə münasibətin dəyişdirilməsi üçün geniş şəkildə təbliğatın aparılmasının vacibliyini vurğulamışdır.

Üzv dövlətlərin parlamentariləri biliklərin mənimsənilməsi, məşğulluğun təminatı, təcrübə mübadiləsi proqramları və gənclərin imkanlarının artırılması istiqamətində həyata keçirilən milli inkişaf planları ilə bağlı məlumat vermişdir.

Gənc Parlamentarilər Qrupunun 2-ci iclası tövsiyə qərarının qəbulu və qrupun növbəti iclasının mövzusunun müzakirəsi ilə yekunlaşmışdır.