Türkmənistanda 2024-cü il türk dünyasının mədəniyyət paytaxtının açılış mərasimi keçirilib
26 mart 2024

26 mart 2024-cü il tarixində TÜRKPA nümayəndə heyəti Türkmənistanın Ahal vilayətinin Anev şəhərində Türkmənistanın Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkil etdiyi “Anev – 2024-cü il türk dünyasının mədəniyyət paytaxtı”nın təntənəli açılış mərasimində iştirak edib. Tədbirdə türk xalqlarının təsviri sənəti və əl işləri sərgisinin açılışı, türk yurtaları və pavilyonlarının nümayişi, türk dünyası sənətçilərinin iştirakı ilə birgə konsert proqramı təşkil olunub.

Tədbirin rəsmi hissəsini Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Mehricamal Məmmədova açıb. O, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun tədbir iştirakçılarına ünvanlanmış müraciətini oxuyub.

Tədbirdə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov, Türkmənistanın mədəniyyət naziri Atagəldi Şamuradov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Yerbol Alikulov, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Marat Taqayev, Türkiyə Respublikasının mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, Özbəkistan Respublikasının mədəniyyət nazirinin müavini Murodcon Məcidov, TİKA-nın prezidenti Serkan Kayalar, Macarıstan Milli Assambleyasının üzvü Peter Hoppal, səfirlər və digər rəsmilər iştirak ediblər.

27 mart 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er “Anevin qədim mədəniyyəti” mövzusunda keçirilmiş beynəlxalq akademik konfransda iştirak edib.

Tədbirdə Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Nurməhəmməd Amannepesov, TÜRKSOY-un Baş katibi Sultan Raev, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, əfsanəvi amerikalı tədqiqatçı Rafael Pampellinin nəvəsi Liza Pampelli çıxış ediblər.

Konfransda çıxış edən Baş katib Mehmet Süreyya Er ortaq türk mədəniyyətinin təbliğində flaqman təşkilat kimi TÜRKSOY-un həyata keçirdiyi fəaliyyət və layihələrin əhəmiyyətini vurğulayıb. Baş katib Türk Əməkdaşlıq Təşkilatlatlarının fəaliyyətində mədəniyyət amilinin mühüm roluna toxunub. Türkmənistanla əməkdaşlığın Assambleyanın prioritet istiqamətlərindən biri olduğunu və bu kontekstdə son illərdə Türkmənistan parlamentinin TÜRKPA-nın fəaliyyətində iştirakını qeyd edərək, yaxın gələcəkdə Türkmənistan parlamentinin Assambleyada tamhüquqlu üzvlüyünə inamını ifadə edib.

Konfransdan sonra iştirakçılar Böyük Saparmurad Türkmənbaşı adına “Ak Buğday” Milli Muzeyində keçirilən TÜRKSOY üzv dövlətlərinin Dövlət Muzey direktorlarının üçüncü iclasının açılış mərasiminə qatılıblar.

Tədbir Anevdə türkmən xalqının milli lideri və Türkmənistan Xalq Şurasının (Halk Maslahaty) sədri Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə ilahiyyatçı Seyid Camaləddin adına yeni məscidin açılış mərasimi və qonaqların şərəfinə verilən iftar süfrəsi ilə yekunlaşıb.