TÜRKPA Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransında iştirak edib
25 mart 2024

25 mart 2024-cü il tarixində Baş katib Mehmet Süreyya Er və Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) İsveçrənin Cenevrə şəhərində keçirilən üçüncü konfransında iştirak ediblər.

Tədbir Parlamentlərarası İttifaqın (Pİ) 148-ci Assambleyası çərçivəsində “İqlim dəyişikliyi ilə mübarizədə parlament fəaliyyətinin canlandırılması” mövzusunda baş tutub. QHPŞ-nin Sədri və Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasda üzv parlamentləri və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

Açılış nitqi ilə çıxış edən parlamentin sədri Şəbəkənin öz sıralarına yeni üzvlər əlavə etməklə böyüməyə davam etdiyini vurğulayıb. O, Parlament Şəbəkəsinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin parlamentlərinin yarısından çoxunu təmsil etdiyini və QHPŞ-nin üzv parlamentlər arasında həmrəylik və əməkdaşlığı gücləndirmək niyyətini, həmçinin QH-nin dəyər və prinsiplərinin təşviqinə sadiqliyini nümayiş etdirdiyini qeyd edib.

Tədbir üzv parlamentlər və tərəfdaş təşkilatların nümayəndə heyətləri rəhbərlərinin bəyanatları və fikir mübadiləsi ilə davam edib. İştirakçılar iqlim dəyişikliyi çağırışlarına yönəlmiş parlamentin fəaliyyətlərini mühüm addım kimi vurğulayıblar.

Konfransda Baş katib Mehmet Süreyya Er də çıxış edib. Baş katib konfransın qlobal parlament diplomatiyası istiqamətində çoxtərəfli əlaqələrin genişləndirilməsi ilə yanaşı, təşkilatın nüfuzunun daha da gücləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib. O, konfransın aktual və mühüm qlobal problemə həsr olunduğunu qeyd edib. İqlim dəyişikliyinin qlobal xarakter daşıdığını və onun təsirlərinə qarşı birgə mübarizə aparmaq tələbinin olduğunu bildirərək, TÜRKPA üzv dövlətlərinin bu səylərə qoşulan ölkələr kimi TÜRKPA çərçivəsində əməkdaşlıq prosesində ekoloji problemlərin həlli məsələlərinə geniş yer verdiyini vurğulayıb. Baş katib TÜRKPA ilə QHPŞ arasında formalaşmış əməkdaşlığa toxunub və bu kontekstdə son illərdə iki təşkilat arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə keçidini daha da yaxınlaşdırdığını qeyd edib.

Konfrans zamanı TÜRKPA-ya QHPŞ-də müşahidəçi statusu verilib.

Tədbir Cenevrə Bəyannaməsinin qəbulu ilə yekunlaşıb.

Pİ-nin 148-ci Assambleyası çərçivəsində Pİ ilə QHPŞ arasında Anlaşma Memorandumları imzalanıb.