TÜRKPA Pİ-nin 148-ci Assambleyasında iştirak edib
23 mart 2024

23-27 mart 2024-cü il tarixlərində Baş katib Mehmet Süreyya Er və Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova İsveçrənin Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın (Pİ) 148-ci Assambleyası və əlaqədar iclaslarda müşahidəçi qismində iştirak ediblər.

148-ci Assambleyada 140-dan çox ölkədən parlamentarilər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bu münasibətlə Pİ-nin bütün tənzimləyici orqanları, o cümlədən İdarəetmə şurası, daimi komitələr, Parlamentarilərin insan hüquqları komitəsi, Yaxın şərq problemləri üzrə komitə, eləcə də Qadın Parlamentarilər Forumu və Gənc Parlamentarilər Forumu bir araya gəlib.
Assambleyanın açılış mərasimində Pİ-nin prezidenti Tulia Ekson və Pİ-nin Baş katibi Martin Çunqonq salamlama nitqləri ilə çıxış ediblər. TÜRKPA-nın üzv parlamentlərinin rəhbərləri - Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov parlament sədrləri üçün yüksək səviyyəli seqmentdə çıxış ediblər.

Ümumi müzakirələr “Parlament diplomatiyası: sülh və anlaşma üçün körpülərin qurulması“ mövzusuna həsr edilib. Parlamentarilər dünyada sülh və təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirə ediblər.

Assambleya fövqəladə hallar üzrə, həmçinin Sülh və beynəlxalq təhlükəsizlik daimi komitəsinin “Avtonom silah sistemlərinin və süni intellektin sosial və humanitar təsirinin aradan qaldırılması” və Davamlı inkişaf üzrə daimi komitənin “İqlim üzrə fəaliyyət üçün tərəfdaşlıqlar: Əlverişli yaşıl enerjiyə çıxışın təşviqi, innovasiya, məsuliyyət və ədalətin təmin edilməsi” mövzularına dair qərarlar qəbul edib.

Assambleya ümumi müzakirələrin yekun sənədinin qəbulu ilə başa çatıb. Pİ-nin 148-ci Assambleyasının iki ən gənc deputatı - Namibiyadan Emma Muteka və Taylanddan Akara Tonqcaysod Assambleyanın yekun bəyannaməsini oxuyublar.