TÜRKPA Seçki Müşahidə Missiyası Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini ilə görüşüb
20 mart 2023

20 mart 2023-cü il tarixində Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şekerin rəhbərlik etdiyi TÜRKPA Seçki Müşahidə Missiyası müşahidə proqramı çərçivəsində Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Kanat Tumış ilə görüşmüşdür.

Demokratik seçkilərin keçirilməsini Qazaxıstanın tarixində əlamətdar hadisə kimi qeyd edən cənab Tumış, növbədənkənar parlament seçkilərinin müşahidə prosesində fəal iştirakına görə missiyanın üzvlərinə minnətdarlığını bildirmişdir. Nazir müavini türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamış və bu kontekstdə Qazaxıstanın Türk dünyasının inteqrasiya proseslərinə bundan sonra da töhfə verəcəyini qeyd etmişdir.

Missiya üzvləri öz növbəsində seçkilərin uğurla keçirilməsi münasibətilə öz təbriklərini çatdırmışdır.

Tərəflər Assambleya çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.