Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası keçirilib
6 mart 2023

6 mart 2023-cü il tarixində Bakıda Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclası iclası keçirilmişdir. İclasda üzv dövlətlərin parlamentariləri və ekspertlər iştirak etmişdir.

İclasın gündəliyinin əsas mövzusu “TÜRKPA üzv ölkələrində biomüxtəlifliyin qorunması” olmuşdur.

Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli tədbirdə iştirak etmiş və salamla nitqi ilə çıxış etmişdir. Komissiyanın sədri Əhliman Əmiraslanov, Komissiya Sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker TÜRKPA Baş katibi Mehmet Süreyya Er, Komissiyanın digər üzləri və ekspertlər iclasda çıxış etmişdir.

İclas Komissiyanın və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun sədrliyi ilə keçirilmişdir. Açılış nitqi zamanı cənab Əmiraslanov üzv dövlətlər arasında biomüxtəlifliyin və ekosistemlərin mühafizəsi sahəsində əməkdaşlığın və qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini vurğulamışdır.

O, müvafiq qanunvericilik bazasını təkmilləşdirməklə üzv dövlətlərin zəngin biomüxtəlifliyinin qorunmasının və elmin nailiyyətlərindən minimal risklə faydalanmağın zəruriliyini qeyd etmişdir.

Komissiya müvafiq olaraq Komissiya sədrinin müavini və Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şeker, Komissiya sədri Əhliman Əmiraslanov və Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev tərəfindən təqdim edilən hesabat məruzəsi, tövsiyə qərarı və “Reproduktiv sağlamlığın qorunması haqqında” Model Qanunu təsdiq etmişdir. Sənədlər 2023-cü ilin aprel ayında Türkiyədə keçiriləcək TÜRKPA-nın 12-ci plenar iclasına təqdim ediləcəkdir.

Komissiya növbəti iclasının 2024-cü ildə Qazaxıstanda keçirilməsini qərara almışdır.