TÜRKPA İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclası
11 fevral 2014
Bakı

11 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Milli Məclisində TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının 3-cü toplantısı keçirilmişdir. “Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu” toplantının gündəliyinin əsas mövzusu olmuşdur. Toplantıya TÜRKPA-nın İqtisadiyyat, Ticarət və Maliyyə məsələləri üzrə komissiyasının Sədr müavini, Azərbaycan Parlamentinin deputatı Sevinc xanım Hüseynova sədrlik etmişdir. Toplantıda TÜRKPA üzv ölkələrinin parlamentariləri Türkdilli ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə dair müzakirələr aparmışdır. Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini cənab Ziyafət Əsgərov toplantı iştirakçılarını salamlayaraq Türkdilli dövlətlər arasında nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətli rolunu vurğulamışdır. Cənab Əsgərov xüsusilə enerji sahəsində böyük nəqliyyat layihələrinin inkişafının ölkələrin ümumi iqtisadi əməkdaşlığında bir əsas olduğunu qeyd etmişdir. Cənab Əsgərov həmçinin Şahdəniz 2 layihəsinin imzalanmasının gələcəkdə həm Azərbaycan, həm də Mərkəzi Asiyadan Avropaya qazın nəqlində mühüm rol oynayacağını bildirmişdir. Bu o deməkdir ki, Türk dünyası dünya nəqliyyat xəritəsində aparıcı qüvvəyə çevriləcək.

Qırğızıstan Parlamentinin üzvü cənab Abdirahman Mamataliyev Komissiyanın gündəliyinin əsas mövzusuna dair məruzə ilə çıxış edərək üzv ölkələr arasında nəqliyyat sahəsində əməkdaşlıq məsələsinin vacibliyini vurğulamışdır. Cənab Mamataliyev nəqliyyat daşınmasının 95 % inin avtomobil yolunun payına düşdüyünü qeyd etmişdir.

Qazaxıstan Parlamentinin üzvü cənab Sarsenbay Yensegenov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Qazaxıstanın nəqliyyat və tranzit potensialından tam istifadə etmək üçün ehtiyac olduğunu vurğuladığı xalqa ən son müraciəti haqqında məlumat vermişdir. Qazaxıstan Türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafını asanlaşdıracaq Qərbi Çin və Qərbi Avropa Beynəlxalq avtomobil yolu layihəsinin Qazaxıstan hissəsini, həmçinin 1200 km uzunluğunda olan Mərkəzi Qazaxıstan və Qərbi Qazaxıstan dəmiryolu keçidini istifadəyə vermək üzrədir. Cənab Yensegenov ölkələrimiz arasında nəqliyyat axını gücləndikcə, TÜRKPA-nın yaxın gələcəkdə bu sahədə yeni qanun modellərini qəbul etməsinə ehtiyac olduğunu da vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin üzvü, cənab Mahmud Mücahit Fındıklı, Türkdilli dövlətlər arasında əməkdaşlığın Türk Şurası və TÜRKPA-nın yaradılmasından sonra inkişaf etdiyini vurğulamışdır. Cənab Fındıklı eyni zamanda bildirmişdir ki, belə ixtisaslaşmış əmədaşlıq paralel olaraq üzv ölkələrin işgüzar dairələri arasında sıx əlaqələrin saxlanılmasına təkan verir. Türkiyəli millət vəkili nəqliyyat sahəsində maneələrin aradan qaldırılmasının avtomatik olaraq regionda ticarət və turizmin inkişafına təkan verəcəyini bildirmişdir.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibinin müavini cənab Qismət Gözəlov toplantıda iştirak etmiş və iştirakçılara Türkdilli ölkələr arasında nəqliyyat sahəsində Türk Şurası çərçivəsində əməkdaşlıq haqqında məlumat vermişdir. Türk dünyasının Tarixi İpək yolunun əsas hissəsini təşkil etdiyi və bu marşrutun bərpası dünya nəqliyyat gündəmində prioritet məsələ olduğundan Cənab Gözəlov nəqliyyat sahəsində Türkdilli dövlətlər arasında əliverişli imkanların olduğunu vurğulamışdır.

Toplantı ərzində “İqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu” mövzulu hesabat məruzəsi müzakirə edilmiş və dörd ölkənin parlament və hökumətlərinə ünvanlanmış tövsiyə qərarı təsdiqlənmişdir.

Komissiyanın növbəti 4-cü toplantısının 2014-cü ilin ikinci yarısında Qazaxıstanda keçirilməsi qərara alınmışdır. Burada üzv ölkələrdə enerji sektorunun inkişafı və ölkələr arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunacaqdır.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi