TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının dördüncü iclası
14 sentyabr 2018
Bişkek

TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının dördüncü iclası 14 sentyabr, 2018-ci il tarixində Qırğızıstan Respublikası Joqorku Keneşinin ev sahibliyində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkillərinin iştirakı ilə Bişkekdə keçirilmişdir. İclas gündəliyinin əsas maddəsi "Geni Dəyişdirilmiş Orqanizmlərin Yayılmasının Təsiri" olmuşdur.

İclas TÜRKPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Respublikası Səhiyyə Komitəsinin sədri cənab Əhliman Əmiraslanovun sədrliyi ilə keçirilmişdir. Öz açılış nitqində cənab Əmiraslanov 16 Aprel, 2018-ci ildə İstanbulda keçirilmiş və iştirakçı ölkələrdən olan ekspertlərin məsələ ilə bağlı və bu sahədə milli səviyyədə görülən işlərə dair ətraflı məlumat verdiyi "Geni Dəyişdirilmiş Orqanizmlər (GDO): Qanunvericilik və Təcrübə" mövzusunda seminarın əhəmiyyətini vurğulamışdır. Həmçinin sədr TÜRKPA üzv ölkələrinin qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi ilə qorunmalı olan və minimum risklə elmi nailiyyətlərdən faydalanmalı olan zəngin biomüxtəlifliklə seçildiyini diqqətə çatdırmışdır. Cənab Əmiraslanov qeyd etmişdir ki, bu nöqteyi-nəzərdən Komissiya üçün məsələ ilə bağlı mövcud vəziyyətin araşdırılması, qanunvericilikdə mövcud boşluqların təhlil edilməsi və üzv ölkələr arasında müsbət təcrübənin paylaşılması mühüm əhəmiyyət kəsb edir.

Parlamentarilər üzv ölkələr arasında GDO sahəsində əməkdaşlıq potensialını müzakirə etmiş və belə həssas məsələlər üzrə nəzarət mexanizmlərinin artırılmasının zəruriliyini vurğulamışdır.

Komissiya müvafiq olaraq Komissiya sədrinin müavini və Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Recep Şeker və Komissiya sədri cənab Əhliman Əmiraslanov tərəfindən təqdim edilən hesabat məruzəsi və tövsiyə qərarı, eləcə də Komissiya katibi cənab Emin Həsənov tərəfindən təqdim edilən İstanbul seminarının yekun nəticələrini təsdiq etmişdir. Sənədlər 2018-ci ilin noyabr ayında Türkiyədə keçiriləcək TÜRKPA-nın 8-ci Plenar İclasına təqdim ediləcəkdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi