TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının beşinci iclası
30 may 2019
Bişkek

TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının beşinci iclası 30 may 2019-cu il tarixində, Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlament) ev sahibliyində Bişkekdə keçirilmişdir. İclas gündəliyinin əsas mövzusu “Təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi: Hüquqi dəstək” olmuşdur.

Komissiyanın sədri və Azərbaycan Respublikası Milli Məclisinin üzvü cənab Əhliman Əmiraslanovun sədrlik etdiyi iclas üzv ölkələrdən olan parlamentarilər və ekspertləri, eləcə də digər qonaqları bir araya gətirmişdir.

Təbii ehtiyatların səmərəli istifadə edilməməsinin insan sağlamlığı və həyatında təsirini vurğulayan iştirakçılar təbii ehtiyatların davamlı istifadə olunmasının idarə edilməsində üzv parlamentlərin oynaya biləcəyi rolu qeyd etmişdir. Komissiya üzvləri təbii ehtiyatlardan rasional istifadə və təbii ehtiyat potensialının qorunması üçün ictimai maarifləndirmənin artırılması üzrə müzakirələr aparmış və bu istiqamətdə üzv ölkələr arasında əməkdaşlıq və birgə fəaliyyət ehtiyacını vurğulamışdır. Həmçinin iştirakçılar müvafiq sahədə üzv ölkələrin milli qanunvericiliklərinin yaxınlaşdırılması imkanlarına dair fikir mübadiləsi aparmışdır.

2019-cu ilin ikinci yarısında TÜRKPA-nın Azərbaycanda keçiriləcək Doqquzuncu Plenar İclasına təqdim edilməsi üçün Komissiya mövzuya dair hesabat məruzəsi və tövsiyə qərarını, eləcə də 2019-cu ilin yanvar ayında Ankarada keçirilmiş “Meşələrin təbii sərvətlərinin qorunması və təbii ehtiyatların ekoloji cəhətdən səmərəli istifadəsi” mövzusunda seminarın yekun hesabatını təsdiq etmişdir.

Eyni gündə Komissiya üzvləri Qırğızıstan Joqorku Keneşinin sədri cənab Dastanbek Jumabekov tərəfindən qəbul edilmişdir. O cümlədən, iclasın proqramına iştirakçıların Qırğızıstan Parlamentinin plenar iclasında iştirakı daxil edilmişdir.

Komissiya iclası çərçivəsində TÜRKPA-nın 10-cu ildönümünə həsr edilmiş fotosərgi də təşkil olunmuşdur.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi