Tuesday, 27 July 2021, 20:20:04 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium baş tutub

2021-ci ilin 9 iyun tarixində Bakıda TÜRKPA, Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda simpozium baş tutub.

Hibrid formatda (fiziki və onlayn iştirak) keçirilmiş simpozium türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr edilmişdir. Tədbirdə üzv ölkələrdən parlamentarilər, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, səfirlər və üzv ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak edib.

TÜRKPA-nın Fəaliyyətdə olan Sədri və Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop simpoziuma videomüraciət ünvanlamışdır.

Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin üzvü Nizami Cəfərov, TÜRKPA baş katibi Altınbek Mamayusupov, TÜRKSOY baş katibi Dusen Kaseinov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, TBMM üzvü İsmet Uçma açılış mərasimində çıxış etmişdir.

Açılış mərasimindən sonra baş tutan panel sessiyalarda iştirakçılar türkdilli ölkələrdə son 30 ildə əldə edilmiş nailiyyətlər və inkişaf, bu kontekstdə parlamentlərin rolu, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərinin Türk dünyası üçün önəmi, o cümlədən Türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparmışdır.