TÜRKPA BAŞ KATİBİ MEHMET SÜREYYA ERİN MİLLİ MƏCLİS JURNALINA MÜSAHİBƏSİ
February 1, 2022

TÜRKPA-nın baş katibi Mehmet Süreyya Erlə müsahibəmizdə türk dövlətləri üçün önəmli yeri olan təşkilatın gələcək fəaliyyət planlarından, quruma üzv ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində görüləcək işlərdən söhbət açdıq.

Azərbaycanın böyük zəfəri bütün türk dünyasının özünəinamını geri qaytardı

Mehmet bəy, türkdilli dövlətlər arasında körpü rolu oynayan TÜRKPA-dakı yeni işinizi təbrik edir, gələcək fəaliyyətinizdə Sizə jurnalımız adından uğurlar arzulayırıq.

• TÜRKPA-da qəbul olunmuş qərarlar türk dünyası üçün böyük əhəmiyyət kəsb edir. Qarşıda duran hədəflərə çatmaq üçün görüləcək işlərlə bağlı yeni planlarınız hansılardır?

İlk növbədə, təbrikiniz və xoş arzularınız üçün təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, TÜRKPA-nın Qazaxıstanın Türkistan şəhərində keçirilən 10-cu plenar iclasında təşkilatın baş katibi seçildim və 2021-ci ilin 15 oktyabr tarixindən vəzifə səlahiyyətlərimin icrasına başlamışam. Bu şərəfli fəaliyyətdə mənə göstərilən etimada görə TÜRKPA üzv parlamentlərinə bir daha dərin minnətdarlığımı bildirirəm.

TÜRKPA üzv ölkələri arasında ortaq tarix, dil, mədəniyyət və dəyərlərlə şərtlənən, qarşılıqlı etimada əsaslanan əlaqələr keyfiyyətcə yeni mərhələyə daxil olmuşdur. Türk dünyasında əməkdaşlığın bütün sahələrində böyük potensial mövcuddur və inanıram ki, Assambleyamızın bu potensialdan istifadə edərək həyata keçirəcəyi fəaliyyətlər ortaq hədəflərimizə çatmaqda öz töhfəsini verəcəkdir. Bu baxımdan bir neçə istiqaməti qeyd etmək istərdim.

Məlum olduğu kimi, ötən ilin noyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, hazırkı adı ilə Türk Dövlətləri Təşkilatının 8-ci Zirvə Görüşündə dövlət başçıları tərəfindən qəbul edilmiş “Türk dünyasına baxış - 2040” strateji sənədi mühüm hədəflər müəyyənləşdirərək geniş sahələrdə inteqrasiya proseslərini ehtiva edir. Təbiəti etibarilə TÜRKPA-nın mühüm funksiyalarından biri Türk əməkdaşlığı çərçivəsində təşəbbüslərə hüquqi dəstək göstərilməsidir. Bu əməkdaşlığın parlament ölçüsü olaraq Assambleya, öz növbəsində sənəddə əksini tapmış təşəbbüslərin həyata keçməsinə parlamentlərarası əməkdaşlıq çərçivəsində töhfəsini verəcəkdir.

Bu çərçivədə qeyd etmək istərdim ki, uğurlu inteqrasiya prosesləri üçün vahid normativ-hüquqi bazanın mövcudluğu mühüm amildir. Siyasi, hüquqi, iqtisadi, sosial-mədəni, ətraf mühit və sağlamlığın qorunması kimi sahələrdə parlamentlərarası dialoq üzrə uğurlu formata çevrilmiş TÜRKPA üzv ölkələrin qanunvericiliklərinin yaxınlaşdırılmasında qovşaq rolunu oynamaq əzmindədir. Bu istiqamətdə həyata keçirilməkdə olan model qanunvericilik fəaliyyəti böyük əhəmiyyət daşıyır. Türk əməkdaşlığı çərçivəsində model qanunların hazırlanması üçün əsas platforma kimi çıxış edən Assambleya bu istiqamətdə fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəkdir.

Uzunmüddətli baxış və strateji yanaşma əməkdaşlığın ardıcıl həyata keçirilməsinin mühüm vasitəsi kimi xidmət edə bilər. Qeyd etmək istərdim ki, hazırda Assambleyanın uzunmüddətli strateji yol xəritəsi hazırlanma mərhələsindədir. Sənəddə əməkdaşlığa kompleks və sistemli yanaşmanın, Assambleyanın hüquqi bazası və funksional imkanlarının gücləndirilməsinin, parlamentlərin komitələri və bölmələri arasında əməkdaşlığın möhkəmləndirilməsinin, qarşıya qoyulmuş hədəflərə çatmaq, Türk dünyasının mədəni irsi və tanıdılmasının təşviqi üçün maraqlı tərəflərlə birgə fəaliyyətlərin və layihə yönümlü əməkdaşlığın inkişaf etdirilməsinin əksini tapacağı nəzərdə tutulmuşdur. Bu baxımdan Türk əməkdaşlıq təşkilatları, üzv ölkələrimizin elm və təhsil qurumları ilə əməkdaşlıq və koordinasiyanın gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Assambleyanın beynəlxalq əməkdaşlığının sərhədlərinin genişləndirilməsi, regional və qlobal parlamentlərarası təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi əsas hədəflərimizdəndir.

Cari ildə fəaliyyətlərimiz TÜRKPA-nın qəbul olunmuş 2022-ci il üçün Fəaliyyət Planına uyğun həyata keçirilməkdədir. Sənədə əsasən, daimi komissiyaların müntəzəm iclasları, eyni zamanda komissiyalar çərçivəsində onların fəaliyyət sferalarına uyğun mövzularda seminarlar keçiriləcəkdir. Üzv ölkələrin parlament təcrübəsi, prosedurları və qanunvericiliyin qəbulu prosesinin yerində və yaxından öyrənilməsi məqsədilə ənənəvi təcrübə mübadiləsi proqramlarının da keçirilməsi planlar sırasındadır. Bu il üçün fəaliyyətlərimizdə diqqət cəlb edən bir yenilik kimi TÜRKPA-nın Qadın Parlamentarilər Qrupu və Gənc Parlamentarilər Qrupunun ilk iclaslarının keçirilməsi nəzərdə tutulmuşdur. İnanıram ki, bu qrupların fəaliyyəti qlobal gündəm məsələlərinə böyük önəm verən üzv ölkələrimizin gender və gənclər siyasətinə mühüm töhfə verəcəkdir.


• Azərbaycan təşkilatla əməkdaşlığa böyük önəm verir. Bu əməkdaşlığın inkişafı üçün hansı işləri görməyi planlaşdırırsınız?

Azərbaycan təşkilatın qurucu üzvü və evsahibi ölkə olaraq bizim üçün böyük önəm kəsb edir. Azərbaycanın Türk əməkdaşlığına verdiyi dəyər bizi sevindirir. Türk dünyasının coğrafi mövqeyi, iqtisadi, mədəni və intellektual potensialı əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Türk dövlətləri arasında olan sıx əməkdaşlıq bütün tərəflərin maraq və mənafelərinə uyğundur və hər bir ölkə bu platformada bərabərlik prinsipinə əsaslanaraq çıxış edir. Bu prosesdə Türk dövlətlərinin ayrılıqda hər biri, o cümlədən Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycanın töhfəsi inteqrasiya proseslərinin uğurunda həyati əhəmiyyət daşıyır.

Azərbaycan Respublikasının Milli Məclisi Assambleya ilə məhsuldar əməkdaşlığını davam etdirməkdədir. Ali qanunvericilik orqanının çoxtərəfli əməkdaşlığa verdiyi dəstək gələcək uğurlu fəaliyyətlərimiz üçün sağlam zəminin formalaşdırılmasına töhfəsini verməkdədir. Hər il fəaliyyətlərimizin bir qismi Azərbaycanda Milli Məclisin evsahibliyində həyata keçirilir. Milli Məclis ilə birgə və onun dəstəyi ilə layihələr baş tutmaqdadır. Bütün bu fəaliyyətlər illik fəaliyyət planlarımızda əks olunmaqdadır. Eyni zamanda, TÜRKPA mütəmadi olaraq Azərbaycanda baş tutan mühüm tədbirlərə qatılır.

Fürsətdən istifadə edərək Assambleyanın tədbirlərində fəal iştirak və müzakirələrə verdiyi töhfələrə görə Azərbaycan Milli Məclisinə təşəkkürümü bildirir, bu xoş ənənənin davam edəcəyinə əminliyimi ifadə edirəm. Eyni zamanda, Katibliyimizin fəaliyyətinə daim göstərdikləri diqqət və dəstəyə görə ölkə rəhbərliyinə, Azərbaycan Respublikası Hökuməti və Milli Məclisinə dərin minnətdarlığımı bildirirəm.


• Ötən il Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində - Azərbaycanın haqq savaşında qazanılan Qələbədə Türkiyənin verdiyi siyasi-mənəvi dəstək danılmaz rol oynadı. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidentinə Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi də bu qardaşlığın daha bir göstəricisi oldu. Bu barədə Sizin də fikirlərinizi bilmək maraqlı olardı.

Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Qələbə ərazi bütövlüyünün bərpası ilə yanaşı, Türk birliyinə mühüm töhfə vermiş, bölgədə davamlı sülh, sabitlik və inkişafa yol açmışdır. Azərbaycanın dövlət başçısı İlham Əliyev paslı bir xəncər kimi Vətənin qəlbinə saplanmış bu işğalı sonlandıraraq çəkib çıxarmağı bacarmış və bu Qələbəni Türk dünyasının tarixinə əbədi olaraq həkk etmişdir. 44 gündə əldə edilən Böyük Zəfər bütün Türk dünyasının Zəfəri oldu. Azərbaycan öz gücü ilə bu haqsızlığa son qoyaraq Türk dünyasının özünəinamını və həmrəyliyini daha da gücləndirdi. Tarix bunu önəmli hadisə olaraq gələcəkdə dilə gətirəcək və bu şanlı Zəfər hər zaman şərəflə anılacaqdır. Bir daha Vətən torpaqları uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm.

Böyük Zəfər birliyimizin nə qədər önəmli olduğunu bizə bir daha xatırlatmış oldu. Türkiyə Cümhuriyyəti tarixi məsuliyyətinə əsaslanaraq qardaş xalqın yanında olmaqla tarixi birliyimizi bir daha nümayiş etdirmiş oldu. Bu məsuliyyət iki qardaşın bir-biri üçün əlindən gələni əsirgəməməsidir. İki qardaş xalqın şanlı tarixi bunun örnəkləri ilə zəngindir. Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlalı uğrunda mübarizəsi nəsildən-nəslə ötürüləcək qəhrəmanlıq dastanıdır. Bundan bir əsr öncə də Türk xalqı istənilən vəziyyətdə öz qardaşının yanında olacağını sübut etmiş, bu qardaş məmləkət torpağı uğrunda canlar fəda etmişdir.

Birinci dünya müharibəsi zamanı tarixinin ağır dönəmində Türk xalqı qardaş Azərbaycanın yardımına tələsdiyi kimi, Azərbaycan xalqı da özü üçün çətin siyasi-tarixi şəraitdə Milli Mübarizəsində və haqq savaşında Türk xalqını yalnız qoymamışdır. Azərbaycanlılardan ibarət əsgər və könüllü dəstələr Türk ordusu sıralarına qatılaraq Qazi Mustafa Kamal Atatürk öndərliyində Milli Mübarizə Hərəkatına dəstək olmuşdur. Azərbaycan ziyalısı, Türk dünyasının övladı Əhməd Cavadın Birinci dünya müharibəsi zamanı işğala qarşı mübarizə aparan Anadolu torpaqlarındakı qardaşlarına "Bakı Müsəlman Cəmiyyəti-Xeyriyyə" və "Qardaş köməyi" təşkilatları vasitəsilə göstərdiyi yardımlar yaddaşlardan silinməz. Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyun 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisində ifadə etdiyi “Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir” kimi fikirlər məhz iki qardaşın bir-biri qarşısında məsuliyyətinin dərin mənəvi və tarixi təməlinə işarədir.

Türkiyənin imperializmə qarşı haqlı mübarizəsində Nəriman Nərimanovun göstərdiyi təmənnasız yardımlar öz sözləri ilə qeyd etsək, qardaşın hər vəziyyətdə qardaşının əlindən tutmasıdır. Eyni dövrdə ilk Türk diplomatik təmsilçisi Memduh Şevket Bəyin Bakıya gəlməsi, Nəriman Nərimanov rəhbərliyində Azərbaycan Hökumətinin isə bir il sonra İbrahim Əbilovu Ankaraya səfir təyin etməsi mühüm tarixi proseslərdir. Türk dünyasının ulu öndərləri – Qazi Mustafa Kamal Atatürkün öz əlləri ilə Türkiyədə Azərbaycan səfirliyi binasında Azərbaycan bayrağını qaldırdığı gün təşkil olunmuş tədbirdə səsləndirdiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ümummilli lider Heydər Əliyevin dillər əzbəri olan “Bir millət, iki dövlət” kəlamları bu iki ölkə, iki xalq arasında mənəvi bağların qısa və dəqiq ifadəsidir. Bu gün dövlət başçıları Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın möhkəm, səmimi dostluq və qardaşlıq münasibətləri iki xalq arasında zamanın sınağından keçmiş, sarsılmaz birlik və həmrəyliyin simvoludur.

Uğurlu inteqrasiya prosesləri üçün vahid normativ-hüquqi bazanın mövcudluğu mühüm amildir. Siyasi, hüquqi, iqtisadi, sosial-mədəni, ətraf mühit və sağlamlığın qorunması kimi sahələrdə parlamentlərarası dialoq üzrə uğurlu formata çevrilmiş TÜRKPA üzv ölkələrin qanunvericiliklərinin yaxınlaşdırılmasında qovşaq rolunu oynamaq əzmindədir.

Eyni zamanda qeyd etmək yerinə düşərdi ki, Azərbaycanın Böyük Zəfəri olduqca mühüm bir dövrə təsadüf etməkdədir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 8-ci Zirvə Görüşü Türk dünyası üçün önəmli qərarlarla əlamətdar görüş olaraq tarixə keçdi. Bu qərarlar arasında Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar da xüsusi əhəmiyyətə malikdir. Bu qərar dostluq və qardaşlığımızın parlaq təcəssümüdür. Azərbaycan Prezidentinin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi qardaş Türk dövlətlərinin dövlət başçısının liderlik keyfiyyətlərinə, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbədə misilsiz roluna, Türk birliyinə töhfələrinə verdikləri dəyərin və Azərbaycanın Böyük Zəfərindən duyduqları qürurun bariz nümunəsidir. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, dövlət başçılarının imzası, Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə verilən bu mükafat işinə və fəaliyyətinə verilən yüksək qiymət, bütün Azərbaycan xalqına verilmiş mükafatdır.


• Azərbaycanın işğaldan azad olunmuş torpaqlarına səfər etmisinizmi? Orada görülən yenidənqurma və bərpa işlərini necə qiymətləndirirsiniz?

44 gün ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd işğaldan azad edilmişdir. Artıq bu tarixi torpaqlar azaddır. TÜRKPA baş katibi olaraq vəzifə səlahiyyətlərimin icrasına başladıqdan bir gün sonra 16 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təşkil edilən, diplomatik nümayəndəliklərin başçılarının, hərbi attaşelərin və fəxri konsulların dəvət edildiyi Tərtər rayonunun Suqovuşan qəsəbəsi və Talış kəndinə səfərdə iştirak etmək fürsətim oldu. İşğaldan azad edilmiş bölgələrdə törədilmiş təxribatların şahidi oldum. Qəsb edilən ərazilər, dağıdılmış evləri gördüm. Bütün bunlar insanda təəssüf və xoş olmayan təəssüratlar doğurur.

30 il ərzində işğal altında saxlanılan bu torpaqlar qəsb edilmiş, talan olunmuş, gedərkən də geridə qalan hər şeyi yandırmış, məhv etmişlər. Azərbaycanlılar Qarabağı məcburi tərk edərkən öz evini, öz Vətənini yandırmadı, dağıntıya məruz qoymadı. Bu da Qarabağın kimi Vətəni olduğunun növbəti bir əyani sübutudur.

Lakin şükürlər olsun ki, bu gün azad edilmiş ərazilərdə və bölgədə mənzərə tamamən dəyişməkdədir. Naxçıvan ilə Bakını birləşdirəcək Zəngəzur dəhlizinin region üçün böyük əhəmiyyəti danılmazdır. İnanıram ki, sosial-iqtisadi tərəqqiyə təkan verəcək Zəngəzur dəhlizi yeni uğurlu inkişaf dövrünün başlanğıcıdır. Qarabağın yenidən inşası bu inkişafın mühüm tərkib hissəsidir.

Prezident İlham Əliyevin rəhbərliyi və diqqəti ilə Qarabağda böyük sürətlə həyata keçirilən bərpa və quruculuq işləri öz bəhrəsini vermiş və verməkdədir. Ərazilərin infrastruktur və ekoloji baxımdan bərpası həyata keçirilməkdədir. Ağıllı şəhər və kəndlər salınmaqda, mədəniyyət nümunələri bərpa olunmaqdadır. Qısa zaman ərzində böyük işlər görülmüşdür. Bu da Azərbaycan xalqının və ölkə rəhbərliyinin azad edilmiş əraziləri tezliklə tam bərpa etmək qətiyyətinin və mənəvi gücünün parlaq təzahürüdür. Əminəm ki, bütün başladılan təşəbbüslər uğurla həyata keçəcək, qardaşlarımız öz doğma yurdlarına geri dönəcək və bu torpaqlar əvvəlki ruhuna yenidən qovuşacaqdır.


YANVAR-FEVRAL, 2022 MİLLİ MƏCLİS