Thursday, 12 December 2019, 11:48:35 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Milli Məclis Naxçıvan müqaviləsinin 10 illiyi münasibətilə konfransa ev sahibliyi etmişdir

10 oktyabr 2019-cu il tarixində, Baş katib Altınbek Mamayusupovun başçılığı ilə TÜRKPA nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində təşkil edilmiş "Naxçıvan Sazişi - 10 il" adlı beynəlxalq konfransda iştirak etmişdir.

Parlamentarilər, türk əməkdaşlıq qurumları və elmi dairələrin nümayəndələrini bir araya gətirən konfransın açılış mərasimində Milli Məclis Sədrinin birinci müavini cənab Ziyafət Əsgərov və cənab Altınbek Mamayusupov çıxış etmişdir.

Cənab Əsgərov ötən on il ərzində türkdilli ölkələr arasında əlaqələrin genişləndiyini qeyd etmişdir. Həmçinin o, Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığın inkişafına həmişə böyük önəm verdiyini də vurğulamışdır.

Baş katib Naxçıvan müqaviləsinin 10 illiyi münasibətilə təbriklərini çatdırmış və onun imzalanmasını institusional mexanizmlərə əsaslanan əməkdaşlığın yeni mərhələsi kimi qeyd etmişdir. Türk əməkdaşlığının institutlaşmasında digər bir mərhələ kimi 2008-ci ildə TÜRKPA-nın yaradılmasının önəmini vurğulayan cənab Mamayusupov onun türk inteqrasiyasında rolu, o cümlədən, Assambleyanın cari və gələcək fəaliyyətləri barədə məlumat vermişdir. Baş katib üzv ölkələrin milli qanunvericiliyinin yaxınlaşdırılması və uyğunlaşdırılmasının TÜRKPA-nın əsas missiyalarından biri olduğunu qeyd edərək bu istiqamətdə müvafiq işlərin görülməkdə olduğunu bildirmişdir. Həmçinin o, Assambleyanın işində azərbaycanlı millət vəkillərinin fəal iştirakını da vurğulamışdır.

Daha sonra tədbir iştirakçılar tərəfindən edilən çıxışlarla davam etmişdir.