Thursday, 12 December 2019, 13:09:49 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Nur-Sultan spikerlərin 4-cü Avrasiya müşavirəsinə ev sahibliyi etmişdir

23-24 sentyabr 2019-cu il tarixlərində, Baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Nur-Sultanda Qazaxıstan Respublikası Parlamenti Məclisinin ev sahibliyində keçirilən Avrasiya Ölkələri Parlament Spikerlərinin Dördüncü Müşavirəsində iştirak etmişdir. Tədbirin əsas mövzusu “Böyük Avrasiya: Dialoq. Etimad. Tərəfdaşlıq” olmuşdur.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri cənab Nurlan Niqmatulinin sədrlik etdiyi, 65 ölkədən parlament nümayəndə heyətləri, beynəlxalq və parlamentlərarası təşkilatların nümayəndələrini bir araya gətirən tədbirdə TÜRKPA üzv parlamentlərinin sədrləri cənab Oqtay Əsədov (Azərbaycan), xanım Dariqa Nazarbayeva (Qazaxıstan, Senat), cənab Dastanbek Jumabekov (Qırğızıstan) və cənab Mustafa Şentop (Türkiyə, TÜRKPA-nın fəaliyyətdə olan sədri) iştirak etmişdir. Həmçinin Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev də tədbirdə iştirak etmişdir.

Baş katib Altınbek Mamayusupov tədbirdə çıxış etmişdir. Hərtərəfli əməkdaşlığın inkişafında parlament diplomasiyasını yüksələn səmərəli və çevik mexanizm kimi qeyd edən cənab Mamayusupov Avrasiya regionunda beynəlxalq təhlükəsizlik və davamlı inkişafın təmin olunması yollarının müzakirəsində müşavirənin əhəmiyyətini vurğulamışdır. Assambleyanın cari və gələcək fəaliyyətləri haqqında məlumat verən Baş katib təşkilatın, xüsusən, Avrasiya regionunda fəaliyyət göstərən beynəlxalq və parlamentlərarası qurumlarla qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirmişdir.

Baş katibin müavini Naurız Aydarov tədbir ərzində Baş katibi müşayiət etmişdir.

Proqrama açılış mərasimi, 3 plenar iclas, yekun sessiya daxil olmuş və yekun sənədin qəbulu ilə başa çatmışdır. Avrasiya Ölkələri Parlament Spikerlərinin növbəti Müşavirəsi 2020-ci ildə İndoneziyada keçiriləcəkdir.

Tədbir çərçivəsində Baş katib TÜRKPA üzv parlamentləri sədrləri, eləcə də Özbəkistan və Türkmənistanın parlament nümayəndə heyətləri başçıları ilə görüşmüşdür.