Friday, 06 December 2019, 17:47:03 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyə Parlamentində təcrübə mübadiləsi proqramı həyata keçirilmişdir

Türkiyə Böyük Millət Məclisi (TBMM) və TÜRKPA-nın birgə təşkil etdiyi "TBMM-in hüquqi məsələlər və beynəlxalq əlaqələr şöbələrinin iş prinsipi" mövzulu ikinci təcrübə mübadiləsi proqramı 22-26 iyul 2019-cu ildə Ankarada həyata keçirilmişdir.

Üzv parlamentlərin aparatlarının hüquqi məsələlər və beynəlxalq əlaqələr şöbələrini təmsil edən əməkdaşlar, eləcə də TÜRKPA Katibliyinin əməkdaşları proqramda iştirak etmişdir. Eyni zamanda, paralel olaraq müvafiq sahədə TBMM-in təcrübəsi ilə tanışlıq məqsədilə üzv parlamentlərdən olan auditorlar üçün də proqram təşkil olunmuşdur.

Tədbirin proqramına TBMM-in xarici əlaqələr və protokol, qanun və qərarlar, kitabxana və arxiv xidmətləri, araşdırma xidmətləri, strategiyanın inkişafı, daxili audit şöbələrinin nümayəndələrinin təqdimatları, o cümlədən, kitabxana da daxil olmaqla Türkiyə Parlamenti ilə tanışlıq daxil olmuşdur. Proqram iştirakçıları öz ölkələrində müvafiq şöbələrin strukturu, funksiyaları və iş prinsipləri barədə məlumat mübadiləsi aparmışdır.

Proqram çərçivəsində iştirakçılar TBMM-in Baş katibinin müavini cənab Hakan Suat Ölmez ilə görüşmüşdür. TÜRKPA üzv ölkələrinin parlament əməkdaşlarını cəlb edən təcrübə mübadiləsi proqramlarının önəmini vurğulayan cənab Ölmez iştirakçıları təbrik etmiş və proqramı başa vurmaları ilə bağlı sertifikatlar təqdim etmişdir.

Tədbir sosial proqram ilə başa çatmışdır.