Tuesday, 22 October 2019, 00:06:00 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib ATƏT PA İllik Sessiyasında iştirak edib

Baş katib Altınbek Mamayusupov 4-8 iyul 2019-cu il tarixlərində Lüksemburqda keçirilən ATƏT Parlament Assambleyasının (ATƏT PA) 28-ci İllik Sessiyasında iştirak etmişdir.

“Təhlükəsizliyin möhkəmləndirilməsi naminə davamlı inkişafa kömək: parlamentlərin rolu” mövzusunda baş tutmuş illik sessiya Şimali Amerika, Avropa və Asiya ölkələrinin 300-ə yaxın parlamentarisi, eləcə də beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir.

ATƏT PA Prezidenti cənab George Tsereteli, Lüksemburq Deputatlar Palatasının Prezidenti cənab Fernand Etgen, Lüksemburqun Baş Naziri cənab Xavier Bettel, Birləşmiş Ştatların Konqresmeni cənab Steni Hoyer açılış plenar iclasında çıxış etmişdir.

Sessiya çərçivəsində baş katib Mamayusupov TÜRKPA üzv ölkələrinin ATƏT PA nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.

Həmçinin illik sessiyanın proqramına komitələrin iclasları, Lüksemburq Bəyannaməsinin qəbulu, eləcə də çoxsaylı ikitərəfli görüşlər və paralel tədbirlər, ATƏT-in cari seçki müşahidə missiyalarının hesabatları və Assambleya vəzifəlilərinin seçkiləri daxil edilmişdir.

4 iyul tarixində, Daimi Komitənin iclası zamanı hazırkı ATƏT PA baş katibi cənab Roberto Montella 2021-ci ilin yanvar ayından etibarən ikinci dəfə beş illik müddətə yenidən seçilmişdir.

Assambleya cənab George Tseretelini bir illik müddətə yenidən ATƏT PA Prezidenti və həmçinin Viktor Paul Dobre (Rumıniya), Azay Quliyev (Azərbaycan) və Nilza de Senanı (Portuqaliya) Vitse-Prezidentlər olaraq seçmişdir.