Monday, 03 August 2020, 13:24:48 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Qazaxıstan Xarici İşlәr Naziri ilә görüşmüşdür

18-20 iyul 2018-ci il, Astanaya səfəri çərçivəsində TÜRKPA Baş katibi Altınbek Mamayusupov Qazaxıstan Xarici İşlər Naziri cənab Kayrat Abdraxmanov ilə görüşmüşdür.

Baş katib TÜRKPA-nın 2018-ci ilin payızında baş tutacaq Plenar Sessiyası ilə birlikdə 10-cu ildönümü də daxil olmaqla, TÜRKPA-nın cari fəaliyyəti haqqında nazirə qısa olaraq məlumat vermişdir. Cənab Mamayusupov bildirmişdir ki, Katiblik Türkdilli ölkələrin gələcəkdə inteqrasiya prosesinin asanlaşdırılması məqsədilə üzv ölkələrin milli qanunvericiliyinin uyğunlaşdırılması sahəsində fəal şəkildə müzakirələr aparır. Cənab Mamayusupov həmçinin Qazaxıstanın qardaş xalqların yaxınlaşmasının əsas təşəbbüskarlarından biri olduğunu da vurğulamış və bu çərçivədə Qazaxıstanın dəstəyini bu prosesin əsas aspekti olaraq qeyd etmişdir.

Cənab Abdraxmanov isə öz növbəsində qeyd etmişdir ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev inkişafının yeni mərhələsinə qədəm qoymuş Türk əməkdaşlığına xüsusi yer verir və TÜRKPA Türkdilli ölkələrin parlament diplomatiyası qurumu olaraq Türk inteqrasiyasının əsasına çevrilmişdir.

Qazaxıstan Xarici İşlər Naziri həmçinin bildirmişdir ki, TÜRKPA-nın BMT, ATƏT, AŞPA kimi öndəgedən beynəlxalq təşkilatlarla əməkdaşlığı Türk əməkdaşlığının beynəlxalq arenada tanınmasının artırılması baxımından əsas göstəricidir.

Görüş zamanı tərəflər Türk əməkdaşlığının gələcək perspektivləri haqqında fikir mübadiləsi aparmış və 2018-ci ilin oktyabr ayına planlaşdırılmış Türk Şurası Dövlət Başçılarının 6-cı Zirvə toplantısının gündəliyində olan məsələlərə toxunmuşdur.