Monday, 03 August 2020, 12:44:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA tәcrübә mübadilәsi proqramını hәyata keçirmişdir

2-6 iyul, 2018-ci ildə, "İnsan Resursları və Ümumi Şöbənin İş Prinsipləri" mövzusunda təcrübə mübadiləsi proqramı Azərbaycan Milli Məclisi və Türkdilli Ölkələrin Parlament Assambleyasının birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Proqram Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin informasiya və analitika, insan resursları, ümumi şöbə və parlament komitələri ilə iş üzrə şöbələrinin əməkdaşlarını bir araya gətirmişdir. Tədbir Milli Məclisin analitik informasiya, dövlət qulluğu və kadr məsələləri, ümumi şöbə və iqtisadi qanunvericilik şöbələrinin əməkdaşları ilə görüşlər, eləcə də Azərbaycan Parlamenti, onun tarixi və Azərbaycanın dövlət idarəçiliyi sistemində rolu ilə tanışlığı özündə birləşdirmişdir. Görüşlərin iştirakçıları öz ölkələrinin müvafiq şöbələrinin strukturu, funksiyaları və iş prinsipləri üzrə fəal təcrübə mübadiləsi aparmışdır. Tərəflər müxtəlif sahələrdə üzv ölkələrin milli qanunvericiliyinin ortaq məlumat bazasının yaradılması, üzv parlamentlərin analitika və informasiya şöbələrinin nümayəndələrinin daxil olacağı mərkəzin təsis edilməsi, üzv ölkələrin parlament təcrübəsi və prosedurlarının yerində yaxından öyrənilməsi kimi TÜRKPA çərçivəsində həyata keçirilə biləcək bir sıra təşəbbüsləri müzakirə etmişdir.

Proqram iştirakçıların Baş katib Altınbek Mamayusupov və TÜRKPA Katibliyinin heyəti ilə görüşü və onlara proqramın başa vurulması münasibətilə sertifikatların təqdim edilməsi ilə sona çatmışdır.