İqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası keçirilib
19 aprel 2024

19 aprel 2024-cü il tarixində Bişkek şəhərində Qırğız Respublikasının Joqorku Keneşinin təşkilatçılığı ilə “TÜRKPA üzv dövlətlərinin ticarət nümayəndəlikləri: milli iqtisadiyyatın gücləndirilməsi və birgə iqtisadi əməkdaşlığa töhfə” mövzusunda İqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası keçirilib.

İclasa onlayn formatda komissiyanın sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü Anas Bakkojaev sədrlik edib. Açılış mərasimində komissiyanın sədri Anas Bakkojaev və komissiyanın digər üzvləri – Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Ağalar Vəliyev və Fazil Mustafa, həmçinin onlayn formatda Qazaxıstan Respublikası Parlamenti Senatının üzvü Nurlan Bekenov, eləcə də komissiyanın sədr müavini, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Çolpon Sultanbekova, Türkiyə Böyük Millət Məclisinin üzvləri Mahmut Rıdvan Nazırlı və Harun Özgür Yıldızlı və Baş katib Mehmet Süreyya Er çıxış ediblər. Çıxışlardan sonra komissiya üzvləri gündəlikdə duran məsələləri müzakirə edib, iclasın əsas mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

Komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış və 6 iyun 2024-cü il tarixində Bakı şəhərində keçiriləcək TÜRKPA-nın 13-cü plenar iclasına təqdim ediləcək “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” Model Qanunların layihələri müzakirə edilərək təsdiq edilib. Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin Texniki tənzimləmə və metrologiya komitəsinin sədri Kuanış Yelikbayev Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu Zirvə toplantısında irəli sürülmüş təşəbbüs əsasında türk dövlətlərinin standartları və terminologiyasını sistemləşdirəcək “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” Model Qanun layihəsini komissiya iclasına təqdim etmək üçün məruzə ilə çıxış edib.

Komissiya növbəti iclasının 2025-ci ildə Türkiyədə komissiyanın 2025-ci il üçün fəaliyyət planına uyğun olaraq “Enerji təhlükəsizliyi iqtisadiyyatın dayanıqlı inkişafının amili kimi” əsas mövzu üzrə keçirilməsinə dair qərar qəbul edib. Həmçinin, 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsində müəyyən edilmiş model qanuna əlavə olaraq, “Nəqliyyat, sərhədlər və gömrük prosedurlarının rəqəmsallaşdırılması haqqında” Model Qanunun hazırlanması barədə razılıq əldə edilib.