Heydər Əliyev və türk dünyası
2023 ж. 1 мамыр

Mehmet Süreyya Er

TÜRKPA-nın Baş katibi

Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycanda və onun hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilən 100 illik yubileyi dahi şəxsiyyətin nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətlərinin, eyni zamanda, bütün türk dünyasının birliyi, həmrəyliyi naminə gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin, çağırışların hərtərəfli təhlilini zərurətə çevirir.

Azərbaycan xalqının Ümummilli Liderinin bütün çağırışlarının mahiyyətində bir məqsəd dayanırdı: böyük bir ailəni xatırladan türk dünyasının birliyi təmin edilməlidir.

Şübhəsiz ki, Heydər Əliyevi əvəzsiz və ölməz liderə çevirən amillər bu böyük coğrafi məkanın bugünkü reallıqlarından daha aydın görünür. Müdhiş dühaya sahib olan bu fenomen insan tarixin müxtəlif mərhələlərində bir-birindən ayrı düşmüş türk dünyasını birləşdirmək üçün yorulmaz səylər göstərirdi. Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına mühüm töhfələr verdi. Ulu Öndər uzaqgörənliklə dünya xəritəsində yer alan türk xalqlarının gələcək taleyini əvvəlcədən görürdü. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan və digər türk dövlətləri öz dövlət müstəqilliklərini bərpa etdilər. Bununla da Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı xəyalları gerçəkliyə çevrildi. Bir daha sübut olundu ki, türk xalqları daim əsarətdə qalmayacaqlar, öz müstəqilliklərinə, azadlıqlarına nail olacaqlar.

Bir mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, ötən əsrin əvvəllərində Osmanlı imperiyasının varisi olan Türkiyə 1923-cü ildə öz dövlət müstəqilliyini elan etdi. Həmin vaxtdan başlayaraq Azərbaycan və Türkiyə xalqlarını birləşdirən ortaq dəyərlər, tarix, sıx tellərlə bağlılıq zaman keçdikcə bu birliyi daha da möhkəmləndirərək dünya üçün nümunəyə çevirdi. Bu əlaqələrin möhkəm təməlinin qurulmasında Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müstəsna xidmətləri var. Məhz onların Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin isə “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” müdrik kəlamları bu gün iki ölkənin münasibətlərinin təməl prinsiplərinə çevrilib. Hazırda bu münasibətlər məhz həmin prinsiplərə söykənərək müasir dövrün yeni çağırışlarına uyğun olaraq inkişaf etdirilir.

Türkiyə öz qardaşı Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət oldu. Qardaş ölkələrimizin dövlət başçıları arasında mövcud olan yaxın dostluq münasibətləri, onların siyasi iradəsi və qətiyyəti bu gün iki ölkə arasında hərtərəfli əməkdaşlığın dərinləşməsinə güclü təkan verməkdədir.

Azərbaycanın İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ümumilikdə türk dünyasının birliyində yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycan-Türkiyə qardaşlığı, müttəfiqliyi 2021-ci ilin iyun ayında imzalanan Şuşa Bəyannaməsində öz əksini tapdı. Bu qardaşlığın rəsmiləşməsi, Azərbaycan və Türkiyənin bundan sonra da birgə addımlayacağına edilən çağırışlar ümumilikdə türk dünyası birliyinin daha da möhkəmlənməsində özünü aydın göstərir. Təbii ki, müasir şəraitdə bu birlik, həmrəylik bütün sahələrdə uğurla inkişaf etdirilir. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi fəaliyyəti Azərbaycanın bütün türk dövlətləri ilə əlaqələrinin inkişafında əhəmiyyətli rol oynamışdır. Heydər Əliyev türk dünyası qarşısında misilsiz xidmətlərinə görə 1999-cu ildə “Beynəlxalq Atatürk Sülh Mükafatı”na layiq görülmüşdür.

Belə bir faktı xüsusi qeyd etmək lazımdır ki, Heydər Əliyev türk dünyasının birliyinə, sadəcə, etnik köklərin eyniliyinə əsaslanan mədəni-etnoqrafik birlik kimi baxmır, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayırdı. Ulu Öndər daim bu çağırışı etmişdi ki, türk xalqlarının yaxınlaşması vacibdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu baxımdan Azərbaycan-Qazaxıstan münasibətlərinin də zəngin tarixi var. Azərbaycan və qazax xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. Buna əsas verən amillərdən biri bu xalqların etnik, dil, din və mədəni dəyərlər baxımından birbirinə yaxınlığıdır. Ulu Öndərin bu münasibətlərin inkişafına olan töhfələri də danılmazdır və məhz buna görə 1997-ci ildə Heydər Əliyevə Əl-Fərabi adına Qazax Milli Dövlət Universitetinin fəxri doktor diplomu, 1998-ci ildə isə “Astana” dövlət medalı təqdim olunmuşdur.

Azərbaycanın Qırğızıstanla və Türkmənistanla əlaqələri də dərin tarixə malikdir. SSRİ-nin dağılmasından sonra bu münasibətlər daha da inkişaf etməyə başladı. Heydər Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın bu qardaş dövlətlər ilə dərinləşən və genişlənən əlaqələri hazırkı ölkə rəhbərlərinin əzmi ilə yeni mərhələyə qədəm qoyaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvilərdə daha da inkişaf etməkdədir.

Azərbaycanın Özbəkistan ilə münasibətləri də təqdir olunacaq səviyyədədir. Bu iki türk ölkəsi arasındakı dostluq, qardaşlıq və zəngin tarixə söykənən əlaqələrin, dövlətlərarası münasibətlərin inkişafında da Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Özbəkistan dövləti dahi şəxsiyyətin iki dövlət arasında əməkdaşlığın inkişafına istiqamətlənmiş fəaliyyətini yüksək dəyərləndirib, Ulu Öndərə hər zaman ali ehtiramla yanaşıb, türk dünyasının böyük oğluna özünün yüksək sevgisini və rəğbətini bildirmişdir. Bu dərin sevginin ifadəsi kimi, 2010-cu ildə Daşkənddə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində iki ölkənin hazırkı dövlət başçılarının iştirakı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzi fəaliyyətə başladı. Onu da xüsusi vurğulamaq lazımdır ki, mərkəz məhz Ümummilli Liderin adını daşıyan küçədə yerləşir. Burada Heydər Əliyev muzeyi, Azərbaycanın dövlətçilik tarixi muzeyi, hər iki ölkənin müştərək tarix muzeyi təşkil olunub.

Məmnunluq hissi ilə vurğulamaq istəyirəm ki, Azərbaycanın qardaş türk dövlətləri ilə əməkdaşlığının zənginləşməsində, yüksələn xətt üzrə inkişafında Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin bu dövlətlərin başçıları ilə möhkəm dostluğu, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri də güclü təsir göstərməkdədir. Azərbaycan Prezidentinin türk dünyasının birliyi, həmrəyliyi, əməkdaşlığının möhkəmləndirilməsinə yönəlmiş fəaliyyəti digər türk dövlətləri tərəfindən də təqdir edilmiş və bu təqdirin ifadəsi kimi İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeni ilə təltif olunmuşdur.

Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir.

Heydər Əliyev

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlər səviyyəsində aparılan dialoq, yaradılan əməkdaşlıq da əhəmiyyətli rol oynayır. Bu kontekstdən yanaşdıqda əminliklə deyə bilərik ki, türk dövlətləri arasında əlaqələrin inkişafında, daha da dərinləşməsində parlament diplomatiyası da öz sözünü deyir. 2008-ci il noyabrın 21-də Türkiyənin İstanbul şəhərinin Dolmabağça Sarayında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlament rəhbərlərinin imzaladığı sazişə əsasən hazırkı adı ilə Türk Dövlətləri Parlament Assambleyası TÜRKPA təsis edildi. 2009-cu ildə Bakıda qurumun ilk plenar iclasının keçirilməsi türkbirliyinin möhkəmləndirilməsi strategiyasının uğurlu davamı kimi dəyərləndirilə bilər. TÜRKPA türk əməkdaşlığının parlament ölçüsü kimi parlament yarandığı gündən türk dövlətləri arasında əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir. Quruma üzv dövlətlər arasında ortaq tarixə, dilə, mədəni dəyərlərə və qarşılıqlı etimada əsaslanan əlaqələr keyfiyyətcə yeni mərhələyə daxil olub. Əsas hədəflərdən biri parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi dialoqun daha da inkişaf etdirilməsinə nail olmaqdır.

Hazırda türk dünyasında əməkdaşlığın bütün sahələrində böyük potensial mövcuddur. Hər bir üzv dövlətimiz malik olduğu imkanlardan yararlanaraq bu əməkdaşlığa dəstək verməyə səy göstərir. Müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti, dövrün çağırışlarının cavablandırılmasında parlamentlərin xüsusi rolu türk dünyasında parlamentlərarası əməkdaşlığın daha da inkişafını və dərinləşməsini şərtləndirir. Bu baxımdan böyük məmnunluqla qeyd etmək istərdim ki, cari ildə yaradılmasının 15 illiyini qeyd edəcək TÜRKPA parlamentlərin səmərəli dialoq və əməkdaşlıq platformasına çevrilmişdir.

Türk dünyasının birliyinə, türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın inkişafına yönələn addımlar sırasında 2009-cu ildə Naxçıvan Sazişi ilə hazırkı adı Türk Dövlətləri Təşkilatı olan qurumun yaradılmasını xüsusi qeyd etməliyik. Eyni zamanda, mədəniyyət diplomatiyasından bəhrələnərək bu əməkdaşlığa töhfəsini verən TÜRKSOY, elm və təhsil sahəsində əməkdaşlığın inkişafını hədəfləyən Türk Akademiyası, türk dünyasının tarixi və mədəni irsinin qorunması və təşviqinə xidmət edən Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da bu istiqamətdə mühüm qərarlar olaraq tarixə keçmişdir. Müxtəlif ölçülərdə türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın inkişafına təkan verməkdədir.

Dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın türk dünyasının həmrəyliyinə xidmət edən addımlarının miqyası və əhəmiyyəti ölçüyəgəlməzdir. Ulu Öndərin türk dünyasının birliyində rolu, misilsiz xidmətləri onun xatirəsinin böyük ehtiramla anılmasında, adını daşıyan küçələrin, parkların açılmasında, abidələrinin ucaldılmasında özünü aydın təcəssüm etdirir, türk dövlətləri arasında əlaqələrin inkişafında əməyinin böyüklüyünü bir daha təsdiqləyir.

Türk dünyasının birliyi hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində geniş miqyas alan bərpa-quruculuq işlərində də özünü parlaq şəkildə biruzə verir. Türkiyə şirkətləri ilk gündən bu prosesdə fəal iştirakları ilə diqqətdədirlər. Eyni zamanda, Qazaxıstan Prezidentinin təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Özbəkistan Prezidentinin təşəbbüsü ilə məktəb tikintisinin həyata keçirilməsi birliyimizin təcəssümüdür.

Keçilən yol belə bir əminliyə əsas verir ki, türk dövlətləri bundan sonra da əməkdaşlıq əlaqələrinin bütün istiqamətlər üzrə inkişafına davamlı töhfələr verəcək və daha sıx birləşmiş türk dünyasına nail olacaqlar.


MİLLİ MƏCLİS
XÜSUSİ BURAXILIŞ
MAY, 2023