TÜRKPA 10-cu Neva Beynəlxalq Ekoloji Konqresində iştirak edib
25 may 2023

25-26 may 2023-cü il tarixlərində TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması və Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyalarının katibləri Sankt-Peterburq şəhərində baş tutan 10-cu Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmişdir. “Ekologiya: İmtiyaz deyil, hüquq” mövzusunda Konqres, Rusiya Federasiyası Hökuməti, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDP PA), Rusiya Federasiyası Federal Məclisinin Federasiyası Şurası, Rusiya Federasiyasının Təbii sərvətlər və ətraf mühit nazirliyi tərəfindən birgə təşkil edilmişdir.

Konqres parlamentarilər, nazirlər, beynəlxalq təşkilatların, dövlət qurumlarının, müxtəlif institutların, iş və elmi dairələrin nümayəndələrinin və ekspertlərin iştirakı ilə baş tutmuşdur. Tədbirə 50-də çox ölkədən 1500 iştirakçı qatılmışdır.

İki günlük tədbir milli layihələrin inkişafı, təbii ehtiyatların və biomüxtəlifliyin qorunması, iqlim siyasəti, yaşıl enerji, ekoloji maarifləndirmə, su hövzələrinin dayanıqlı inkişafı kimi qlobal ekoloji gündəliyin müxtəlif məsələlərinin müzakirə edildiyi dəyirmi masalar və plenar iclasdan ibarət olmuşdur.

25 may tarixində TÜRKPA komissiya katibləri “İqlim: Əsrin yeni çağırışları” və “Ekoturizm: Hazırkı vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masalarda iştirak etmişdir.

26 may tarixində katiblər Konqresin Plenar iclasında iştirak etmişdir. Müzakirələr “İnsan və planet uyğundurmu?” mövzusunda baş tutmuşdur. Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko tərəfindən açılan iclas üzv ölkələrin parlament rəhbərləri və nazirlərinin çıxışları ilə davam etmişdir.

Neva Beynəlxalq Ekoloji Konqresi 2008-ci ildən mütəmadi olaraq keçirilir. Konqresin məqsədi beynəlxalq ekoloji təhlükəsizlik çərçivəsini təbliğ etməkdir. TÜRKPA 2021-ci ildə keçirilən 9-cu Neva Beynəlxalq Ekoloji Konqresində də iştirak edib.