Türkiyə 4-cü Dünya Köçəri Oyunlarına evsahibliyi etmişdir
28 sentyabr 2022

28 sentyabr 2 oktyabr 2022-ci il tarixləri arasında Baş katib Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə tərəfindən eramızdan əvvəl 4-cü əsrə aid Bursa vilayətinin şimal-şərqində yerləşən qədim şəhərlərdən biri İznikdə “Keçmişdən gələcəyə bir iz” şüarı altında təşkil edilən 4-cü Dünya Köçəri Oyunlarında iştirak etmişdir. Bursa Osmanlı İmperiyasının ilk paytaxtı olmuşdur.

Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, Tatarıstan Prezidenti Rustem Minnihanov, Qaqauz Muxtar Vilayətinin Prezidenti İrina Vlah, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Azamat Jamankulov, Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, Türkmənistanın idman və gənclər siyasəti naziri Gülmirat Ağamiradov, Özbəkistanın mədəniyyət və idman naziri Adxam İkramov, TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım, Dünya Etnoidman Konfederasiyasının prezidenti Necmettin Bilal Ərdoğan, o cümlədən Türk Əməkdaşlıq Qurumlarından Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli və dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli rəsmilər iştirak etmişdir.

Təntənəli açılış mərasimi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı ilə başlamışdır. Dünya Köçəri Oyunlarının əməkdaşlığın gücləndirilməsi platforması kimi əhəmiyyətini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan sülh və həmrəyliyə əsaslanan oyunların mədəniyyət diplomatiyasının inkişafına təkan verəcəyini qeyd edib.

Tədbirdə 102 ölkədən ən azı 3000 idmançı iştirak edib. Köçərilərin mədəni-tarixi irsinin qorunub saxlanmasına və təbliğinə xidmət edən oyunların proqramında gökbər, ənənəvi oxatma, atdan oxatma, mas-güləşi, aşırmalı aba güləşi, yağlı güləş, kürəş, pəhləvani, atış və digər müxtəlif ənənəvi yarışlar yer alıb.

4-cü Dünya Köçəri Oyunlarına oktyabrın 2-də İznikdə keçirilən təntənəli bağlanış mərasimi ilə yekun vurulmuşdur. Bağlanış mərasimində Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu növbəti 5-ci Dünya Köçəri Oyunlarının 2024-cü ildə Qazaxıstanda keçiriləcəyini simvolu kimi su ilə dolu kirəmitli küpü Qazaxıstanın Mədəniyyət və İdman naziri Dauren Abayevə təqdim etmişdir.