TÜRKPA “Beynəlxalq Sıfır Tullantı Günü”nə həsr olunmuş konfransda iştirak edib
27 mart 2024

27 mart 2024-cü il tarixində Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının katibi Aynurə Abutalıbova Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə Ofisində keçirilmiş “Beynəlxalq Sıfır Tullantı Günü”nə həsr olunmuş konfransda iştirak edib. BMT-nin Məskunlaşma Proqramının Cenevrə Ofisinin rəhbəri Qrehem Alabasterin moderatorluğu ilə keçirilən konfrans “Beynəlxalq Sıfır Tullantı Günü”nün ikinci dəfə qeyd edilməsi münasibətilə sıfır tullantılarla bağlı milli, submilli, regional və yerli təşəbbüslər haqqında məlumatlılığın artırılması məqsədlərinə uyğun olaraq təşkil edilib.

Konfransda TÜRKPA üzv dövlətlərindən, həmçinin Özbəkistan və Türkmənistandan təmsilçilər iştirak ediblər.

Türkiyə Respublikasının Cenevrədəki BMT və İsveçrədəki digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri səfir Güven Begeç və BMT-nin Avropa üzrə Ətraf Mühit Proqramının direktoru Arnold Kreylhuber açılış nitqi ilə çıxış ediblər.

Açılış mərasimində Türkiyə Respublikasının birinci xanımı, Sıfır Tullantı üzrə Görkəmli Xadimlərin Məşvərət Şurasının sədri Əminə Ərdoğan videomüraciətlə çıxış edib. Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin (BMT İqlim Dəyişikliyi COP29 ev sahibi) müşaviri Dilarə Abdullayeva, Beynəlxalq Bərk Məişət Tullantılar Assosiasiyasının prezidenti, BMT Baş katibinin Sıfır Tullantı üzrə Məşvərət Şurasının üzvü Karlos Silva Filho, BMT-nin zəhərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi Markos Orellana, Bazel, Rotterdam və Stokholm Konvensiyalarının icraçı katibinin müavini David Oqden, Beynəlxalq Əmək Təşkilatının ədalətli keçidlər üzrə prioritet fəaliyyət proqramının direktoru Mustafa Kamal Geye, Ümumdünya Səhiyyə Təşkilatının Su, kanalizasiya, gigiyena və sağlamlıq parametrləri üzrə bölməsinin rəhbəri Megi Montqomeri, BMT-nin Avropa İqtisadi Komissiyasının ətraf mühitin fəaliyyətinə nəzarət proqramının ətraf mühit məsələləri üzrə mütəxəssisi Yelena Santer, Qlobal Şəhərlər Qovşağının həmdirektoru Kameliya Kemileva, Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının (UCLG) prezidenti və Konya Böyükşəhər Bələdiyyəsinin sədri Uğur İbrahim Altay da (videomüraciət vasitəsilə) konfransda çıxış ediblər.

Tədbirdə təhlükəli maddələrin idarə olunması üçün və sıfır tullantı hədəfinə çatmağa yönəlmiş bir sıra beynəlxalq təşkilatların və çoxtərəfli ekoloji sazişlərin qlobal mərkəzi kimi Cenevrənin rolu vurğulanıb.

14 dekabr 2022-ci il tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası yetmiş yeddinci sessiyasında 30 mart tarixinin hər il qeyd olunacaq “Beynəlxalq Sıfır Tullantı Günü” elan edilməsi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamə Türkiyə tərəfindən irəli sürülüb, daha sonra 105 ölkə sponsor qismində qoşulub.

Konfrans təşkilatçısı kimi Cenevrə Ətraf Mühit Şəbəkəsi (CƏMŞ) Cenevrə və ətraf regionda yerləşən Beynəlxalq Ətraf Mühit Evinin nəznində fəaliyyət göstərən 100-dən çox ətraf mühit və davamlı inkişaf təşkilatlarının əməkdaşlıq üzrə tərəfdaşıdır. Bura Birləşmiş Millətlər Təşkilatının ofisləri və proqramları, hökumətlərarası institutlar, qeyri-hökumət təşkilatları, yerli hakimiyyət orqanları və akademik institutlar daxildir.

1999-cu il tarixində yaradılmış CƏMŞ Katibliyi ətraf mühit problemləri ilə bağlı məlumatlılığın artırılmasını və ictimaiyyətin maarifləndirilməsini təşviq edən görüşlər, dəyirmi masalar, brifinqlər və seminarlar keçirir və onlara ev sahibliyi edir.

CƏMŞ Katibliyi İsveçrə Federal Ətraf Mühit Bürosu tərəfindən dəstəklənir və Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı tərəfindən idarə olunur.