TÜRKPA-nın 6-cı Plenar İclası
3 dekabr 2015 – 4 dekabr 2015
Astana

3-4 dekabr 2015-ci il tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində Qazaxıstan Respublikası Parlamentinin evsahibliyində Məclisin Sədri cənab Kabibulla Jakupovun rəhbərliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 6-cı Plenar İclası keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Kabibulla Jakupov, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin Sədr müavini cənab Ahmet Aydın və müşahidəçi qismində Macarıstan Milli Assambleyasının Sədr müavini xanım Marta Matray iştirak etmişdir.

İclasda həmçinin TÜRKPA-nın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar və qardaş qurumlar - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, QaraDəniz Iqtisadi Əməkdaşlıq Təşkilatı (QDIƏT PA) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri iştirak etmişdir.

Cənab Kabibulla Jakupov öz çıxışında Qazaxıstan Sədrliyinin fəaliyyət planına toxunmuşdur.O qeyd etmişdir ki, Türkdilli ölkələr arasındakı əməkdaşlıq müstəqillik əldə etdikdən sonra bir əsrə qədər müddətdə yüksək həddə çatmışdır. Cənab Jakupov Türk Şurası çərçivəsində dövlət başçılarının qəbul etdiyi layihə və təşəbbüslərə hərtərəfli hüquqi dəstəyin təmin edilməsində TÜRKPA-nın hər zaman hazır olduğunu vurğulamışdır.

Bununla yanaşı Fəaliyyətdə olan Sədr üzv ölkələri terrorizm və radikal ekstremizmə qarşı mübarizə, qlobal iqtisadi böhranın nəticələrinın və kəskin ekoloji problemlərin aradan qaldırılması kimi çətin məsələlərə dair əməkdaşlığa çağırmışdır.

Dekabrın 3-də keçirilmiş Assambleya Şurasında dörd ölkənin parlament spikerləri bir araya gəlmişdir. Assambleya Şurasının iclasında sədrlik Azərbaycan Respublikası Milli Məclisindən Qazaxıstan Respublikası Parlamenti Məclisinə keçmişdir. Cənab Jakupov TÜRKPA-ya sədrliyi dövründə fəaliyyətinə görə Azərbaycan Parlamentinə minnətdarlığını bildirmişdir.

Şuranın iclasında həmçinin ilk dəfə olaraq TÜRKPA-nın xidmətə görə medalları təqdim edilmişdir. Türkdilli ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Kabibulla Jakupov, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Asilbek Jeenbekov və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmet Kahraman medalla təltif olunublar.

Assambleya Şurası və Plenar İclasın gündəliyinə TÜRKPA-nın illik fəaliyyət hesabatı, daimi komissiyaların sədr və sədr müavinlərin seçilməsi, eləcə də Komissiyaların tövsiyə qərarları və hesabat məruzələrinin qəbul edilməsi, üzv ölkələrdə keçirilən prezident və parlament seçkilərinə dair TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının məruzələri kimi məsələlər daxil edilmişdir.

Plenar Iclasın proqramı çərçivəsində milli nümayəndə heyəti Türk Akademiyasını ziyarət etmiş və “Böyük Çöldə Parlamentarizm” adlı Konfransda iştirak etmişdir. Konfransda həmçinin “Manqi Daş” tarixi abidəsinin surətinin açılışı keçirilmişdir. Bununla yanaşı parlamentarilər Qazaxıstanın Birinci Prezidentinin kitabxanasını, Qazaxıstan Milli muzeyini ziyarət etmiş, “Türk xalqlarının birliyi” adlı sərgidə iştirak etmiş, eləcə də Astana opera və balet teatrında “Abay” operasını izləmiş və EXPO-2017 sərgisinin idarə heyəti ilə görüşmüşdür.

İclas Astana Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdır. TÜRKPA-nın növbəti 7-ci Plenar İclasının 2016-cı ildə Qırğızıstanda keçirilməsi qərara alınmışdır.

Bəyanat