TÜRKPA-nın 12-ci Plenar İclası
28 aprel 2023
Ankara

28 aprel 2023-cü il tarixində Ankarada Türkiyə Böyük Millət Məclisinin ev sahibliyində TÜRKPA-nın “Daha ədalətli dünya üçün parlament diplomatiyası: enerji, miqrasiya, ərzaq” mövsuzunda 12-ci plenar iclası keçirilmişdir.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin spikeri Mustafa Şentop açılış nitqi ilə çıxış etmişdir. İclasda üzv parlamentlərin rəhbərləri – Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, habelə müşahidəçi qismində Macarıstan Milli Assambleyası spikerinin müavini Şandor Lejak və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin spikeri Zorlu Töre, həmçinin qonaq qismində Türkmənistan Məclisinin sədri Dünyagözəl Gülmanova çıxış etmişdir. Tədbirdə, o cümlədən Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanın videomüraciəti təqdim edilmişdir.

Plenar iclas parlament nümayəndə heyətləri, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Beynəlxalq Parlamentarilər Konqresi, Qırğız-Türk Manas Universiteti, Türk Dünyası Bələdiyyələr Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi kimi türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirmişdir.

İclasın gündəliyinə daimi komissiyaların məruzə hesabatları və tövsiyə qərarlarının, “Transsərhəd ali təhsil haqqında”, “Rəqəmsal maliyyə aktivləri haqqında” və “Reproduktiv sağlamlığın qorunması haqqında” model qanunların, seçki müşahidə missiyalarının yekun hesabatlarının nəzərdən keçirilməsi və qəbulu, həmçinin daimi komissiyaların sədr və sədr müavininin seçilməsi daxil edilmişdir. Eyni zamanda Qadın Parlamentarilər Qrupu və Gənc Parlamentarilər Qrupunun tövsiyə qərarları plenar iclasa təqdim edilmişdir.

Assambleyanın 13-cü plenar iclasının 2024-cü ildə Azərbaycanda keçirilməsi qərara alınmışdır. Plenar iclas Ankara Bəyannaməsinin qəbulu ilə başa çatmışdır.

Tədbirdən sonra üzv parlamentlərin rəhbərləri 12-ci plenar iclasın yekunlarına dair mətbuat brifinqi keçirmişdir.

Bəyanat