TÜRKPA-nın 9-cu Plenar İclası
18 dekabr 2019
Bakı

TÜRKPA-nın 9-cu Plenar İclası 18 dekabr 2019-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin ev sahibliyində Bakıda keçirilmişdir. İclasın mövzusu “Türk dünyasında parlament diplomatiyası: Sülh və təhlükəsizlik naminə regional əməkdaşlığın möhkəmləndirilməsi” olmuşdur.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri və TÜRKPA-nın fəaliyyətdə olan Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin Spikeri cənab Mustafa Şentop, həmçinin Özbəkistan Respublikası Oliy Majlisi Senatının Spikeri xanım Tanzila Narbayeva qonaq qismində tədbirdə iştirak etmişdir. İclas parlament nümayəndə heyətləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA), İƏT Parlament İttifaqı, MDB Parlament Assambleyası, GUAM və Türk Dünyası Qadın Platforması kimi Türk əməkdaşlıq təşkilatları və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir.

Açılış nitqində TÜRKPA-nın nüfuzlu təşkilata çevrildiyini qeyd edən cənab Oqtay Əsədov Assambleya çərçivəsində əməkdaşlığın önəmini vurğulamışdır.

Cənab Nurlan Niqmatulin ötən müddət ərzində TÜRKPA-nın böyük nailiyyətlər qazandığını qeyd edərək türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə verəcək model qanunvericiliyin xüsusi əhəmiyyətini vurğulamışdır. Sədr QDİƏT PA-ya TÜRKPA-da müşahidəçi statusun verilməsini müsbət qiymətləndirmiş və yaxın gələcəkdə Özbəkistanın da təşkilata qoşulacağına ümidini ifadə etmişdir.

Müasir dünyada parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək cənab Dastanbek Jumabekov qarşıya çıxan aktual problem və çağırışların həllində TÜRKPA-nın oynaya biləcəyi rolu vurğulamışdır.

Cənab Mustafa Şentop Assambleya çərçivəsində görülən işləri müsbət qiymətləndirmiş və iştirakçıları növbəti il Türkiyə Böyük Millət Məclisinin yüzillik yubileyinin qeyd olunmasında iştirak etməyə dəvət etmişdir.

Özbəkistanın türkdilli ölkələrlə parlamentlərarası əlaqələrə böyük önəm verdiyini qeyd edən xanım Tanzila Narbayeva Özbəkistan Parlamentinin TÜRKPA-ya qoşulmaq üçün bütün lazımi addımları atacağını bildirmişdir.

İclasın gündəliyi komissiyaların son iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, Qazaxıstanda keçirilmiş erkən prezident seçkiləri üzrə beynəlxalq müşahidəçilər missiyasının hesabatı, Reqlament, Katibliyi Əsasnaməsi kimi yenidən işlənmiş hüquqi sənədləri, eləcə də Seçki Müşahidəsinin Əsasnaməsinin qəbulu kimi məsələləri əhatə etmişdir. Plenar İclas ilk dəfə olaraq Qeyri-maddi mədəni irsin qorunması və Turizm haqqında model qanunları müzakirə edərək qəbul etmişdir. Qadın Parlamentarilər Qrupu və Gənc Parlamentarilər Qrupunun yaradılması barədə qərar qəbul edilmişdir.

TÜRKPA-nın növbəti 10-cu Plenar İclasının 2020-ci ildə Qazaxıstanda keçirilməsi qərara alınmışdır.

Tədbirin sonunda 10-cu Plenar İclasın yekun sənədi – Bakı Bəyannaməsi qəbul edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9-cu Plenar İclasda iştirak edən parlament nümayəndə heyəti başçılarını qəbul etmişdir. Həmçinin parlament rəhbərləri iclas çərçivəsində ikitərəfli görüşlər keçirmişdir.

Bəyanat