TÜRKPA-nın 11-ci Plenar İclası
24 iyun 2022
Çolpon-Ata

24 iyun 2022-ci il tarixində Çolpon-Ata şəhərində Qırğız Respublikasının Joqorku Keneşinin ev sahibliyində TÜRKPA-nın “Parlament diplomatiyası – etimad və tərəfdaşlığın əsası” mövzusunda 11-ci plenar iclası baş tutmuşdur.

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin sədri Talant Mamıtov açılış nitqi ilə çıxış etmişdir. Plenar iclasda TÜRKPA-nın üzv parlamentlərinin rəhbərləri – Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, habelə müşahidəçi qismində Macarıstan Milli Assambleyası sədrinin müavini Şandor Lejak, həmçinin qonaq qismində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Türkmənistan Milli Şurası Xalq Məsləhətinin sədr müavini Kasımqulu Babayev çıxış etmişdir.

Tədbir parlament nümayəndə heyətləri, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, MDB Parlamentlərarası Assambleyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Qırğız-Türk Manas Universiteti kimi türk əməkdaşlıq təşkilatları, müşahidəçi təşkilatlar və digər qurumların rəhbər və nümayəndələrini bir araya gətirmişdir.

İclasın gündəliyinə daimi komissiyaların hesabat məruzələri və tövsiyə qərarlarının, “Sosial sahibkarlığın inkişafı haqqında” Model Qanunun, Assambleyanın seçki və referendum müşahidə missiyalarının yekun hesabatlarının qəbulu, eləcə də komissiyaların sədrləri və sədr müavininin seçilməsi daxil edilmişdir.

12-ci plenar iclasın 2023-cü ilin aprel ayında Türkiyənin İstanbul şəhərində keçirilməsi qərara alınmışdır.

Plenar iclas “Çolpon-Ata Bəyannaməsi”nin qəbulu ilə başa çatmışdır. Üzv parlamentlərin sədrləri təşkilatın adının dəyişdirilməsindən irəli gələn müvafiq dəyişiklikləri özündə əks etdirən “İstanbul Sazişinə dəyişikliklər haqqında Protokol”u (İstanbul Sazişi Assambleyanın qurucu sazişidir) imzalamışdır.

Tədbirdən sonra parlament nümayəndə heyətləri rəhbərləri 11-ci plenar iclasın yekunlarına dair mətbuat brifinqi keçirmişdir.

Bəyanat