Qırğız Respublikasında erkən prezident seçkisi və idarəçilik formasının müəyyənləşdirilməsi üzrə referendum
10 yanvar 2021
Qırğızıstan

2021-ci ilin 8-11 yanvar tarixlərində TÜRKPA beynəlxalq müşahidə missiyası Qırğızıstan Respublikasında baş tutmuş erkən prezident seçkiləri və referendumun qısamüddətli müşahidəsini həyata keçirib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü, TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini cənab Recep Şekerin başçılıq etdiyi missiya Azərbaycan və Türkiyə parlamentlərinin üzvlərindən, habelə TÜRKPA Katibliyinin diplomatik heyətindən ibarət olmuşdur.

Missiya Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri, Prezidentin vəzifəsini icra edən cənab Talant Mamıtov, MSK sədri xanım Nurjan Şayldabekova və Xarici İşlər Naziri cənab Ruslan Kazakbayev ilə görüşmüşdür.

Joqorku Keneşin sədri cənab Talant Mamıtov TÜRKPA-nın müşahidə missiyasının Qırğızıstanda seçkilərin müşahidəsində fəal iştirakını yüksək qiymətləndirmiş və bu istiqamətdə parlamentarilərin fəaliyyətinin önəmini vurğulamışdır. Cənab Ruslan Kazakbayev müşahidəçilərə seçkilərdə beynəlxalq müşahidəçilərin fəaliyyəti barədə məlumat vermiş və Qırğızıstan hökumətinin islahatların həyata keçirilməsi və dövlət orqanlarının səmərəliliyi üçün qırğız xalqının inamının zəruriliyini tam anladığını qeyd etmişdir.

Bu görüşlər zamanı missiyaya prezident seçkiləri və referenduma hazırlıqla bağlı görülən tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

Habelə missiya üzvləri prezident seçkilərində mübarizə aparan namizədlərlə görüşlər keçirmişdir. Onlar müşahidəçilərə seçki platformaları, seçkiöncəsi təbliğat fəaliyyətləri və 10 yanvar seçkilərindən gözləntilərinə dair məlumat vermişdir.

Həmçinin missiya MDB PA və ATƏT PA beynəlxalq müşahidə missiyaları ilə görüşlər keçirib.

Missiya başçısı cənab Recep Şeker beynəlxalq müşahidə missiyaları rəhbərlərinin Qırğızıstan Respublikası Prezidenti vəzifəsini icra edən cənab Talant Mamıtov ilə birgə görüşündə iştirak edib.

Seçki günü missiya paytaxt Bişkekdə bir sıra seçki məntəqələrini ziyarət edərək məntəqələrin açılışından səslərin sayılmasınadək seçki prosesinin bütün mərhələlərini müşahidə etmişdir. Missiya yerində səsvermə prosesini izləmək, seçicilərlə, seçki məntəqəsi rəsmiləri və yerli müşahidəçilərlə söhbət etmək imkanı əldə etmişdir.

11 yanvar tarixində missiya müşahidə fəaliyyətinin nəticələrinə dair mətbuat konfransı keçirərək 10 yanvar prezident seçkiləri və referendumun beynəlxalq seçki və demokratik standartlara uyğun keçirildiyi nəticəsinə gəlmişdir.

Seçki/referendum üzrə bəyanat