Qazaxıstan Respublikasında Konstitusiya referendumu
5 iyun 2022
Qazaxıstan

5 iyun 2022-ci il tarixində TÜRKPA Referendum Müşahidə Missiyası (RMM) səsvermə prosesini izləmək məqsədilə Nur-Sultan şəhərindəki bir sıra seçki məntəqələrini ziyarət etmişdir. Missiya bütün mərhələlərdə prosesi müşahidə etmiş, səsvermənin gedişini izləmiş, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə söhbətlər aparmışdır. Müşahidəçilər, həmçinin seçki məntəqəsinin açılışı və bağlanışında iştirak etmişdir.

Eyni gündə Missiya MDB Parlamentlərarası Assambleyasının RMM-sı ilə görüşmüşdür. Missiyalar referendumun monitorinqi prosesi və iki Assambleya arasında əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.

Müşahidə proqramı çərçivəsində Missiya üzvləri yerli KİV-lərə müsahibə vermişdir.

Növbəti gün Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir. Missiyanın rəhbəri Recep Şeker KİV nümayəndələrinə TÜRKPA Missiyasının müşahidə fəaliyyəti ilə bağlı məlumat verərək, referendum idarəetmə orqanlarının resurslarla yaxşı təmin olunduğunu və referendumun keçirilməsinə peşəkar hazırlaşdığını vurğulamışdır. Ziyarət edilən seçki məntəqələrində ümumi səsvermə prosesi Missiya tərəfindən müsbət qiymətləndirilmişdir. Mərkəzi Referendum Komissiyasının ilkin məlumatına əsasən referendumda seçici fəallığı təqribən 68,06% təşkil etmiş, səslərin təqribən 77,18%-i referenduma çıxarılmış məsələnin lehinə verilmişdir.

Missiya Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin Qazaxıstanın milli qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq keçirildiyi nəticəsinə gəlmişdir.

Seçki/referendum üzrə bəyanat