Özbəkistan Respublikasında Konstitusiya referendumu
30 aprel 2023
Özbəkistan

Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentariləri, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Referendum Müşahidə Missiyası Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının dəvəti ilə, eyni zamanda öz mandatına uyğun olaraq 30 aprel 2023-cü il tarixində Özbəkistanda keçirilmiş Konstitusiya referendumunun qısamüddətli monitorinqini həyata keçirmişdir.

Missiya müşahidə proqramı çərçivəsində Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev ilə görüşmüşdür.

Missiya Özbəkistanda referendumun təşkili və keçirilməsi ilə bağlı hüquqi çərçivə, referenduma təqdim edilmiş Konstitusiyaya əlavə və dəyişikliklər layihəsini nəzərdən keçirmişdir.

Konstitusiyaya dəyişikliklər layihəsi təkliflərin çoxluğu əsasında Konstitusiya mətninin 65%-nin yenilənməsini nəzərdə tutmuşdur. Bu kontekstdə dəyişikliklər layihəsi Konstitusiya olaraq yeni redaksiyada referenduma çıxarılmış və “Özbəkistan Respublikasının Konstitusiyası haqqında” Özbəkistan Respublikasının Konstitusiya Qanunu layihəsi üzrə referendumun 30 aprel 2023-cü il tarixində keçirilməsi qərara alınmışdır.

Layihədə digər məsələlərlə yanaşı, Özbəkistanın hüquqi statusu, insan hüquq və azadlıqları, dövlətin sosial öhdəlikləri, əhalinin sağlamlığı, ekoloji hüquqlar, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin qorunması və icbari əməyin qadağan edilməsi bağlı təkmilləşdirilmiş müddəalar, həmçinin xüsusi mülkiyyətin toxunulmazlığının təminatı, prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilə uzadılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatının gücləndirilməsi öz əksini tapmışdır. Layihədə parlamentarizmin daha da gücləndirilməsi və parlamentin səlahiyyətlərinin artırılması ilə bağlı dəyişikliklər də yer almışdır.

Referendum günü Missiyanın üzvləri Daşkənddə seçki məntəqələrini ziyarət etmiş, seçki məntəqələrinin açılması və səslərin hesablanması da daxil olmaqla, bütün mərhələlərdə səsvermə prosesini müşahidə etmişdir. Missiya səsvermənin monitorinqini aparmış, seçicilər, seçki məntəqələrinin rəsmiləri və yerli müşahidəçilərlə söhbətlər aparmışdır. TÜRKPA Missiyası kütləvi informasiya vasitələrinə müsahibələr vermişdir.

Mayın 1-də Missiya müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirmişdir. Missiya baş çəkdiyi seçki məntəqələrində ümumi səsvermə prosesini müsbət qiymətləndirmişdir.

Missiya referendumun keçirilməsi üzrə idarəetmə orqanlarının kifayət qədər resurslarla təmin olunmasını və referendumun keçirilməsində onların peşəkar şəkildə hazırlığını qeyd etmişdir.

Missiya MSK-nın alt komissiyalarının hazırlıq prosesinin açıqlığı və şəffaflığının, əlilliyi olan seçicilərin maneəsiz və müstəqil çıxışının təmin edilməsi istiqamətində referendumun keçirilməsi üzrə idarəetmə orqanlar tərəfindən həyata keçirilən tədbirlərə yönəlmiş təlimləri yüksək qiymətləndirmişdir.

Missiya Özbəkistan Respublikasında 30 aprel 2023-cü il tarixində keçirilmiş Konstitusiya referendumunun Özbəkistan Respublikasının milli qanunvericiliyi və beynəlxalq standartlara uyğun keçirildiyi nəticəsinə gəlmişdir.

Seçki/referendum üzrə bəyanat