Baş katib Sankt-Peterburqda keçirilən beynəlxalq forumda iştirak edib
18 may 2023

18-19 may 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Sankt-Peterburq şəhərinin 320 illik yubileyi münasibətilə “Sankt-Peterburq – Birliyin parlament paytaxtı” mövzusunda keçirilən beynəlxalq forumda iştirak etmişdir. Tədbir Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası (MDP PA), Sankt-Peterburq Hökuməti və Qanunvericilik Məclisinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. \ Forumun proqramına “Gənclər parlamentarizmi – gənclərin hüquqi və siyasi mədəniyyətinin formalaşması məktəbi”, “MDB məkanında əməkdaşlığın inkişafı: Peterburq təcrübəsinin xüsusiyyətləri”, “Sankt-Peterburq Qanunvericilik Məclisi: beynəlxalq parlament əməkdaşlığının təcrübəsi” və “Qlobal dəyişikliklər şəraitində parlamentarizm” mövzularında dəyirmi masalar, eləcə də Plenar iclas daxil olmuşdur.

Forum çərçivəsində Baş katib Mehmet Süreyya Er MDB PA-nın Baş katibi Dmitri Kobitski, TÜRKPA-ya üzv ölkələrin parlamentariləri və tədbirdə iştirak edən digər iştirakçılarla görüşmüşdür.

Forumda üzv ölkələrin parlamentariləri, beynəlxalq təşkilatların, akademik icmaların, gənclər təşkilatlarının nümayəndələri və ekspertlər iştirak etmişdir.

Tədbirin məqsədi parlament diplomatiyası və dialoqunun inkişafına töhfə vermək, parlamentlərarası əməkdaşlıq təcrübəsinin öyrənilməsi olmuşdur. Forumda gənclər parlamentarizminin inkişafı, regionda qanunvericilik orqanları arasında əməkdaşlıq və yeni çağırışlar fonunda parlament əməkdaşlığı kimi məsələlər ətrafında müzakirələr aparılmışdır.