MDB PA-nın 54-cü plenar iclası Səmərqənddə keçirilib
28 oktyabr 2022

28 oktyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında iştirak etmişdir.

Tədbir MDB PA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri və müxtəlif beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirmişdir.

“MDB dövlətlərində seçki proseslərinə qanunvericilik dəstəyi” mövzusunda keçirilmiş plenar iclasın gündəliyinə MDB PA-nın daimi komissiyaları tərəfindən hazırlanmış 40 model qanunun qəbulu daxil edilmişdir.

MDB PA-nın Baş katibi Dmitri Kobitski Birliyin 2023-2025-ci illər üçün nəzərdə tutulmuş model qanunvericiliyə dair fəaliyyəti barədə məlumat vermişdir.

İştirakçılar seçkilərə dair müxtəlif mövzular üzrə bir sıra model sənədləri nəzərdən keçirmişdir. Bundan başqa, parlamentarilər təhlükəsizlik, iqtisadi inkişaf, dövlət quruculuğu, təhsil, mədəniyyət, informasiya və digər mühüm sahələrə dair sənədləri müzakirə etmişdir.

54-cü plenar iclas mükafatların təqdimat mərasimi ilə yekunlaşmış və MDB PA-nın Şura üzvlərinin mətbuat konfransı ilə davam etmişdir.

Sessiya çərçivəsində Baş katib türk dövlətlərinin parlament nümayəndə heyətlərinin başçıları, eləcə də digər yüksək vəzifəli şəxslərlə görüşmüşdür.