Baş katib Bakının azad edilməsinin 104-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak edib
15 sentyabr 2022

15 sentyabr 2022-ci il tarixində Baş katib Mehmet Süreyya Er Azərbaycan və Türkiyə qardaşlığının parlaq təzahürlərindən biri olan Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 104-cü ildönümünə həsr olunmuş tədbirdə iştirak etmişdir. Türkiyənin Azərbaycandakı səfirliyinin ev sahibliyi etdiyi tədbir səfirliyin Nuri Paşa zalında keçirilmişdir.

Tədbirin iştirakçıları arasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, millət vəkilləri, rəsmilər, media nümayəndələri, tanınmış siyasi və ictimai xadimlər yer almışdır.

Açılış nitqi ilə çıxış edən səfir Cahit Bağcı şəhidlərin xatirəsini ehtiramla yad etmiş, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatı nəticəsində insan tələfatı ilə bağlı qardaş xalqa başsağlığı vermişdir. Sonra Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, iki ölkənin dövlət himnləri səsləndirilmişdir.

Konfransda, həmçinin Baş katib çıxış etmişdir.

Tədbirdən öncə “Bakının xilaskarı” kimi tanınan Ali Baş Komandan Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsinin 104-cü ildönümünə həsr olunmuş rəsm sərgisi də təşkil edilmişdir.