Baş katib Bakıda Qırğızıstan səfirliyini ziyarət edib
19 sentyabr 2022

TÜRKPA Baş katibi Mehmet Süreyya Er və Baş katibin müavinləri Qırğız Respublikasının Prezidenti Sadır Japarov tərəfindən elan edilən milli matəm günü ilə əlaqədar olaraq Qırğız Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyini ziyarət etmişdir. 14-17 sentyabr 2022-ci il tarixlərində Qırğızıstan-Tacikistan sərhədində baş vermiş silahlı toqquşmalar Qırğız vətəndaşları arasından 59 nəfərin həlak olması və yaralanması, infrastruktura ziyan dəyməsi ilə nəticələnib. Baş katib Assambleyanın beynəlxalq hüququn norma və prinsiplərinə və ziddiyyətlərin siyasi və diplomatik vasitələrlə, dialoq və danışıqlar və sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiq edərək, iki dövlət arasında sərhəd gərginliyinin sülh yolu ilə həlli istiqamətində Qırğız Respublikasının göstərdiyi səylərə TÜRKPA-nın dəstəyini ifadə edib.

TÜRKPA zorakılıq, silahlardan istifadə olunmaqla mülki şəxslərə və mülki infrastruktura qarşı təcavüzün yolverilməzliyini, qarşılıqlı etimadın möhkəmləndirilməsi, eləcə də regionda davamlı sülh və sabitlik üçün dialoqun vacibliyini xatırladır. Baş katib türk xalqları və qardaş ölkələr arasında qarşılıqlı dəstəyin əhəmiyyətini də vurğulayıb.

Qırğızıstan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliev TÜRKPA nümayəndə heyətinə Qırğızıstan-Tacikistan sərhədində mövcud vəziyyət və situasiyanın sülh yolu ilə həlli istiqamətində Qırğızıstan hökuməti və rəsmiləri tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Baş katib səfirliyin başsağlığı kitabına qeyd qoyub, sərhəddəki toqquşmalar zamanı həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.