TÜRKPA Azərbaycan XİN-in ADA Universiteti ilə Anlaşma Memorandumu imzalayıb
21 sentyabr 2022

21 sentyabr 2022-ci il tarixində TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Erin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ADA Universitetini ziyarət etmiş və universitetin rektoru səfir Hafiz Paşayev ilə görüşmüşdür.

Görüş zamanı tərəflər öz qurumlarının fəaliyyətinə dair məlumat vermiş və qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə, o cümlədən üzv ölkələrin müvafiq universitetləri ilə əlaqələrin yaradılması məsələsinə toxunmuşdur. Həmçinin onlar gələcək səmərəli əməkdaşlığa hazır olduqlarını vurğulamışdır. Cənab Paşayev Baş katibə müəllifi olduğu, eləcə də ADA-nın təşəbbüsü və dəstəyi ilə nəşr edilmiş kitablardan hədiyyə etmişdir.

Görüşdən sonra TÜRKPA və ADA Universiteti arasında gələcək əməkdaşlığın istiqamətlərini müəyyən edən əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Tərəflər gələcək mümkün layihələrin həyata keçirilməsini müzakirə edərək müntəzəm əlaqələr və əməkdaşlığın təşviq edilməsi barədə razılığa gəlmişdir.