Bakıda İltəriş Kutluq Xaqana aid abidə kompleksinin və yazılı kitabənin təqdimatı keçirilib
4 oktyabr 2022

4 oktyabr 2022-ci il tarixində Baş katibin müavini Nooruzbek Arstanbekov ikinci Göytürk xaqanlığının qurucusu İltəriş xaqana həsr olunmuş abidə kompleksinin və yazılı kitabənin təqdimat mərasimində iştirak edib.

Tədbir Beynəlxalq Türk Akademiyasının təşəbbüsü ilə Elm və Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Açılış mərasimində Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Milli Məclisin deputatları Qənirə Paşayeva və Cavanşir Feyziyev, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli və Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Afət Qibləliyeva çıxış ediblər.

Tədbirdə iştirakçılara arxeoloji tapıntılar haqqında ətraflı məlumat verilib.

Göytürk hökmdarı İltəriş xaqana aid olduğu güman edilən abidə kompleksi və kitabə Monqolustanın Ötüken bölgəsində Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi qazıntılar zamanı aşkar edilib.

Növbəti təqdimat dekabrın 15-də Fransada YUNESKO-nun Parisdəki Baş Qərargahında keçiriləcək.